Logo

BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlanıb

17.04.2023 13:14 356 baxış
IMG

5 iyun – 9 avqust 2023-cü il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına (İDP) növbəti tədris ili üçün onlayn qeydiyyat həyata keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universitetinin təşkil etdiyi daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilərlər.

Bununla yanaşı, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidirlər. Daxili imtahanda iştirak üçün namizədlər tələb olunan sənədləri 5 iyun 2023-cü il tarixindən aktiv olacaq “Onlayn anket forması”na yükləməlidirlər. Sənədlərin son qəbul tarixi 9 avqust saat 23:55-dir.

BMU-İNHA İDP çərçivəsində 12 avqust 2023-cü il tarixində həyata keçiriləcək daxili imtahanın nəticələri 17 avqust 2023-cü ildə elan ediləcək.

İngilis və koreya dillərində 4 il müddətində həyata keçiriləcək ikili diplom proqramı informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisaslarını əhatə edir. Proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədris olunması nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.

Təhsilalanların Koreyada 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqram məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Ətraflı məlumat elandan əldə oluna bilər.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində ikili diplom proqramına informasiya texnologiyaları ixtisası üzrə 35, elektronika mühəndisliyi ixtisası üzrə 35, elektrik mühəndisliyi ixtisası üzrə 28, inşaat mühəndisliyi ixtisası üzrə isə 25 nəfərin qəbulu nəzərdə tutulur.

Xəbər lenti