Logo

Günəş küləyi sürətinin artacağı gözlənilir

17.04.2023 17:20 570 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb. Hazırda Günəşin səthində 8 ləkə qrupu var, aktiv ləkələrin sayı isə 155-dir. Aprelin 15-də Yerə istiqamətlənmiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) aprelin 22-də çatacağı gözlənilir. Hazırda Günəşin səthində tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsində olub.

Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (347km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə bir qədər azalaraq Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 3.85 nT təşkil edir.

Geomaqnit sahə sabit olub.

Aprelin 17-dən 23-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 5 faiz təşkil edir.

Aprelin 17-dən 19-dək Günəş küləyi sürətinin artacağı gözlənilir. Geomaqnit sahənin qismən-aktiv olacağı proqnozlaşdırılır.

Xəbər lenti