Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində BDU-nun bir qrup kollektivi Mexanika-riyaziyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış Manaf Bəhmənlinin ailəsini ziyarət edib.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Sərdar Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər.
Şəhid Manaf Bəhmənlinin anası Vətən müharibəsində keçdiyi şərəfli yoldan, olkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi fədakarlıqdan bəhs edib, şəhid valideyni kimi övladı ilə qürur duyduqlarını ifadə ediblər. Qeyd olunub ki, ölümündən sonra “Hərbi xidmətlərinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Görüşdə şəhid Manaf Bəhmənlinin əziz xatirəsi yad edilib, barəsində xoş təəssüratlardan söz açılıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin rəşadətinin hər birimizə örnək olması, hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanları ilə qürur duyduğu bildirilib.
Layihə çərçivəsində BDU-nun Vətən müharibəsində şəhid olmuş bütün tələbə və məzunlarının ailələri ziyarət olunacaqdır.