Logo

Kanada mətbuatı tanınmış beyin mərkəzinin Ermənistana ittihamlarını işıqlandırıb

20.04.2023 17:39 337 baxış
IMG

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Dona Grasiya Diplomatiya Mərkəzi: İran əlaltısı Ermənistanı qınayır” sərlövhəli məqalə dərc olunub.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məqalədə bu yaxınlarda əlverişsiz hava şəraiti səbəbindən Ermənistanla sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisi Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülərək müxtəlif təhqir və işgəncələrə məruz qaldığı diqqətə çatdırılıb.

Məqalədə həmçinin Ermənistanın bu qanunsuz hərəkətlərini qətiyyətlə pisləyən Dona Grasiya Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avrahama istinad edilib: “Mən yeganə “cinayət”ləri ərazidə pis hava şəraiti səbəbindən itkin düşmələri olan Azərbaycan əsgərlərinin əsir götürülməsini və onların Ermənistan tərəfindən qəddar işgəncələrə məruz qoyulmasını qətiyyətlə pisləyirəm. Bu, çox sarsıdıcı hadisədir və beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən pislənməlidir. Ümimyyətlə, bütün dünya ölkələri Ermənistan dövlətinin bu hərəkətini pisləməlidir. Bu, beynəlxalq hüququn pozulmasıdır. Hərbi əsirlərlə belə rəftar etmək olmaz”.

İsrailli politoloq daha sonra qeyd edib: “Bu, Ermənistanın nə qədər normal ölkə olmadığını göstərir, çünki Qərbin müttəfiqi özünü belə aparmamalıdır. Ermənilərin etdikləri Amerika və ya Avropa dəyərlərinə uyğun deyil, halbuki ABŞ Konqresində və Fransa parlamentində ermənipərəst deputatlar həddindən artıq çoxdur. Bunu dəyişməyin vaxtıdır. Dünyanın oyanacağı, qəhvənin iyini duyacağı və Ermənistanı olduğu kimi görəcəyi vaxt yetişib”.

Məqalədə sözügedən hadisədən az sonra İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa yarışlarında tədbirin erməni təşkilatçısının Azərbaycan bayrağını ələ keçirərək yandırması da diqqətə çatdırılıb. Hadisənin Ermənistan hökumətinin Avropa Ağır Atletika Federasiyasını Azərbaycan idmançılarının Ermənistanda qaldıqları müddətdə təhlükəsizliyini təmin edəcəyinə və hər cür təhlükəsizlik insidentinə hazırlaşacağına əmin etməsindən sonra baş verdiyi, bu insident nəticəsində idmançılarımızın ağırlıqqaldırma üzrə Avropa yarışlarında iştirakdan imtina etmək məcburiyyətində qaldıqları vurğulanıb.

Məqalədə Reyçel Avrhamdan insidentlə bağlı iqtibas gətirilib: “İran İslam Respublikasının əlaltısı olan ölkəyə belə bir mötəbər tədbirin keçirilməsini həvalə etmək avropalıların səhvidir. İrana sanksiyalardan yan keçməyə kömək edən Ermənistan Qafqazda sülhə ciddi maneədir. Qərbin İranın bu marionetini dəstəkləməyi dayandırması vacibdir. Qərbin Ermənistana da İran İslam Respublikasının əlaltıları olan “Fələstin İslam Cihadı” və “Hizbullah”a sərgilədiyi münasibəti göstərməyinin zamanı çoxdan yetişib”.

Dona Grasiya Diplomatiya Mərkəzinin hər iki insidentlə bağlı rəsmi bəyanatına istinad edilib: “Dona Grasiya Diplomatiya Mərkəzin Ermənistanı həbsdə olan Azərbaycan əsgərlərinə işgəncə verməkdə və Avropa ağırlıqqaldırma yarışlarında Azərbaycan bayrağını yandırmaqda ittiham edir. Hər iki hərəkət Ermənistanın sistemli şəkildə beynəlxalq hüququ nə dərəcədə pozduğunu vurğulayır. Qərb Ermənistanın Amerika və ya Avropanın müttəfiqi deyil, İran İslam Respublikasının əlaltısı olduğunu anlamalıdır”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür.

Xəbər lenti