Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol üzrə “Heydər Əliyev kuboku” təşkil olunacaq.
Tehsil.biz Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi idmançılar mübarizə aparacaqlar.
Qadınların mübarizəsində Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar.
Kişilərin yarışında isə Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül” komandaları mübarizə aparacaqlar.
Dörd gün davam edəcək turnir Olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubok yarışlarının final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.