Logo

Ucqar kənddə dərs deyən bakılı qız – FOTO/VİDEO

07.03.2021 11:41 1127 baxış
IMG

İnsan seçdiyi peşəni sevib karyerasını qurarsa, cəmiyyət üçün də faydalı olar. Bəziləri iş üçün rahatlıq naminə şəhərlərə, hətta paytaxta can atdığı halda, bunun əksini düşünənlər də var. Barəsində bəhs edəcəyimiz şəxs Bakı sakini olsa da, müəllimlik kimi şərəfli bir peşədə çalışmaq üçün təyinatla paytaxtdan yüzlərlə kilometr uzaqda yerləşən kənd məktəbində işləməyi seçib.

 

AZƏRTAC xəbər verir ki, 2009-cu ildə Azərbaycan dili-ədəbiyyatı ixtisası üzrə təhsilini başa vuran Könül Abdullayeva müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən imtahanda 53 bal toplayaraq Ağstafa rayon Kolxəlfəli kənd Rövşən Əkbərov adına tam orta məktəbə müəllim təyin edilib. Yaşadığı yer isə Bakı şəhəridir. Pedaqoji fəaliyyətə başladığı məktəb yaşadığı şəhərdən 470 kilometr uzaqda olsa da, bu, Könül müəllimin peşəsinə olan bağlılığına heç cür əngəl yaratmayıb.

 

“Öz arzumla seçdiyim yerə qəbul oldum. Sənətimi çox sevirəm deyə uzaqda yaşayıb işləmək mənə çox çətin gəlmədi. Əsas dərs keçmək, uşaqlarla işləmək həvəsidir. Düzdür, ilk dəfə dərsə başlayanda narahatlığım var idi. Şagirdlərim haqqında düşünürdüm. İndi şagirdlərimi çox sevirəm. Çox həvəslidirlər, bu da mənə xoşdur”, – deyir Könül müəllim.

 

Bu məktəbdə təyinatla, ümumilikdə, 7 müəllim işləyir. Könül müəllimin çalışdığı orta məktəbin 24 nəfərlik kollektivi də ona yad olduğunu hiss etdirmir, hər bir çətinliyi ilə maraqlanır, lazımi dəstəyi göstərirlər.

 

Dərs dediyi 7-ci sinif şagirdləri Könül müəllimin ilk yetirmələri olacaq. Tədris ili başlar-başlamaz hər yerdə olduğu kimi pandemiya səbəbindən onlayn dərslərdə şagirdlərinin üzünü vizual olaraq görsə də, indi dərslərinə əyani davam edirlər.

 

“Könül müəllim bu tədris ilindən bizim məktəbdə dərslərə başlayıb. Az müddətdə şagirdlərin də sevimlisinə çevrilib. Müəllim kollektivinin də dərin hörmətini qazanıb. Arzu edirəm ki, gənc kadrlarımız daha da çox olsun. Respublikamızın bütün məktəblərində belə gənc kadrlara ehtiyac var”, – deyə müəllim yoldaşı Elçin Məmmədov əlavə edib.

 

Könül Abdullayeva ailəlidir, iki övlad anasıdır. Amma bu, onun işinə əngəl yaratmır. Müəllimlik peşəsini şərəflə və məsuliyyətlə davam etdirir. Evə gəldikdə isə növbəti günün tapşırığı üzrə hazırlaşır.

 

//baku.tv/az/cemiyyet/34739/

 

 

 

 

 

 

 

Xəbər lenti