UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və effektiv elmi fəaliyyətə yeni baxış” mövzusunda onlayn seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib. Bildirilib ki, seminarda Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışaraq, süni intellektin inkişafının bu gün effektiv elmi araşdırmalara yeni baxış gətirən mühüm sahə olduğunu qeyd edib.
Seminarın moderatoru, Almaniyanın Bohum Ruhr Universitetinin beynəlxalq inkişaf elmləri üzrə fəlsəfə doktoru, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri Elxan Sadıqzadə məruzəçi barədə ətraflı məlumat verib, onun bu sahədə aparılan tədqiqatlar üzrə aparıcı mütəxəssislərdən biri olduğunu diqqətə çatdırıb.
Malayziyanın Utara Universitetinin professoru Ferdous Alam isə elmi tədqiqat nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının ən geniş formalarından birinin onların müxtəlif nüfuzlu jurnallarda dərc edilməsi, bunun üçün isə təqdim olunan məqalələrin yüksək standartlar səviyyəsində hazırlanıb təqdim edilməsi olduğunu bildirib. Məruzəçi məqalələrin beynəlxalq indeksli jurnallara təqdimetmə proseduru, əsas nəşr standartları, jurnallara qoyulan tələblər, məqalələrin jurnalların tematikasına uyğun seçilməsi və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, süni intellekt elminin inkişafı ilə artıq dünyada yeni dövr başlayıb. “Chat GPT” ilə bağlı araşdırmaların nəticəsinə görə, bu süni intellekt elmi fəaliyyətlə məşğul olan insanların işini kifayət qədər yüngülləşdirəcək.