Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi və Xətai rayonların Gənclər və İdman idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbi liseyin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyununun hakimləri iştirak ediblər.
Çıxış edənlər iştirakçı komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. Qeyd olunub ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir.
Rəsmi mərasimdən sonra hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.
Komandalar sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi respublika final mərhələsinə vəsiqə qazanıb.