Logo

AZƏRTAC Sinxua agentliyinin mediaturunda təmsil olunub - FOTO

30.04.2023 09:21 619 baxış
IMG

Çinin milli xəbər agentliyi Sinxua ölkədə akkreditə olunan xarici jurnalistlərin Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonuna mediaturunu təşkil edib.

Əcnəbilərin Çini daha yaxından tanıması məqsədi daşıyan “Sarı çay boyunca İpək yolu” adlı mediaturun Ordos şəhərində keçirilən açılış mərasimində çıxış edənlər mediaturun dünya ictimaiyyətini Çin Xalq Respublikasının (ÇXR) bölgələrində həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri, iqtisadi islahatlar, yerli əhalinin həyat tərzi, mədəni müxtəlifliyi, təbii şəraiti, turizm potensialı barədə ətraflı məlumatlandırmağı hədəfləyib.

AZƏRTAC-ın əməkdaşının da qatıldığı mediatur iştirakçıları Ordos şəhərində bərpaolunan enerji ilə təchiz olunmuş sənaye parkında, nadir kəşmir keçilərinin yunundan geyimlər hazırlanan sənaye parkında, külək turbinləri istehsal edən müəssisədə, eyni məkanda quraşdırılmış 196 min 320 ədəd günəş paneli sayəsində Ginnesin Rekordlar Kitabına düşən Dalat fotovoltaik bazasında, Engebey ekoloji zonasında və Çinin ən uzun ikinci çayı olan Sarı çayın Daxili Monqolustan muxtar rayonundan keçən 80 kilometrlik hissəsindəki Cünqar böyük kanyonunda olublar.

Qeyd edək ki, qeyri-adi relyefi və dağlıq, düzənlik, səhralıq əraziləri əhatə edən rəngarəng təbiəti, habelə kömür, təbii qaz, nadir tapılan metallar kimi zəngin təbii sərvətləri, kənd təsərrüfatı üçün əlverişli sahələri ilə tanınan Daxili Monqolustan Muxtar Rayonu qonşu Sincan Uyğur Muxtar Rayonundan sonra ərazisinə görə Çinin ən iri inzibati ərazi vahididir. Onun sahəsi Çinin ümumi ərazisinin 12 faizini təşkil etsə də, əhalisi çox deyil. Muxtar rayonun cəmi 24 milyon əhalisi var ki, bu göstərici Çinin ümumi əhali sayının heç 2 faizi etmir. Əhalinin 17 faizini etnik monqollar təşkil edir. Ümumiyyətlə, əksəriyyəti Daxili Monqolustanda yaşamaqla Çin Xalq Respublikasındaki monqolların sayı qonşu Monqolustandakından daha çoxdur. Daxili Monqolustandakı etnik monqolların mədəniyyətində qonşu Monqolustanda olduğu kimi Çingiz xan şəxsiyyəti böyük rol oynayır. Bu səbəbdən Çingiz xana həsr olunan abidələrə tez-tez rast gəlmək olar. Hətta Ordos şəhəri yaxınlığında Çingiz xanın rəmzi mavzoleyi də inşa edilib.

Xəbər lenti