Logo

Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində

30.04.2023 20:56 638 baxış
IMG

Kulis.az Azər Turanın "Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində" adlı yazısını təqdim edir.

1937-ci ildən 40-cı illərin sonuna kimi, Azərbaycan ədəbi mühitinin mənzərəsini təkcə 1937-ci ilin qanlı hadisələri deyil, hətta on il sonra - 1946-cı ildə Jdanovun məşhur məruzəsi və məruzə ətrafında müzakirələr də xarakterizə edə bilər.

O dövrün ədəbi tənqid klişesi belə idi ki, yazıçılar bir-birini, az qala, ellikcə zaman və məkan xaricində yazdıqlarına görə tənqid edirdilər. Bu mənada tənqid olunanlardan biri də Mir Cəlal idi və qəribədir, Jdanovun məruzəsindən sonra 1947-ci ildə Mir Cəlal hərbi-totalitar qanunlarla idarə olunan dövrün ruhuna heç uyğun olmayan əsərini - "Azərbaycanda ədəbi məktəblər" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdi. Ardıyca Mərkəzi Komitənin o zamankı katibi Həsən Həsənovun məruzəsində o, Azərbaycan ədəbiyyatının inkişafında "vahid axın" nəzəriyyəsini təbliğ edənlərdən, ədəbi əsərləri zaman və məkan xaricində tədqiq edənlərdən biri kimi tənqid olunmuşdu.

Kommunist ideoloqlarına görə, ölkədə bütün qələm sahibləri sovet yazıçısı, sovet şairi, sovet ədəbiyyatşünası olmalıydı. Bəzən yazıçıları hətta mənfi qəhrəmanların obrazını daha dərindən, müsbət qəhrəmanları isə bəsit canlandırdıqlarına görə tənqid edirdilər. Mir Cəlalın "Açıq kitab" romanı da bu baxımdan yarğılanan əsərlər sırasındaydı. "Açıq kitab" da "sovet varlığı və adamları təhrif edilmiş, müsbət obrazlar zəif, cansız verildiyi halda, mənfi tiplər açıq və güclü boyalarla verilmiş" əsərlər sırasına daxil edilirdi. Yaxud Ədəbiyyat sanki göylərdən endirilir, həyatın içinə düşürülürdü. Jdanov Axmatovanı hansı üslubda və hansı kontekstdə tənqid edirdisə, Kommunist Partiyasının ideoloqları da iyirmi il əvvəl dünyasını dəyişmiş Hadini həmin çevrədə tənqid edirdilər. Jdanov dekadent məktəbinin ideya əsası olan Nitsşe fəlsəfəsinə, Berqsonun intiusiya nəzəriyyəsinə, Freydizmə, Avropanın "əyalət dekadentliyinə", "fikir ölgünlüyü"nə qarşı hücum əmri verirdisə, Prust və Coys nacins elan edilirdisə, "İnsana və bütün insanlığa nifrət edən Lui Ferdinand Selin"lə yanaşı Stefan Sveyq də, siyasi görüşlərinin bir-birindən kəskin fərqlənməsinə rəğmən, Tomas Mann və Knut Hamsun da Nitsşe və Freydin təsiri altında olan yazıçılar zümrəsinə aid edildilərsə, ədəbiyyatda yalnız bir cərəyanın deyil, ümumilikdə, poeziyada "formalist-estet meyillər"in yasaqlanması baş verirdisə və SSRİ-də sənətə estet münasibəti formaca milli, məzmunca sosialist yanaşma əvəz edirdisə, Jdanovu imitasiya edən Azərbaycan Kommunist Partiyasının ideoloqları (və Azərbaycan ədəbi tənqidi də) Məhəmməd Hadininin timsalında adını burjua təzahürləri qoyduqları estetik amillərə qarşı çıxırdılar. Hətta Hadini fikir həyatımıza qaytarmaq istəyən alimlər siyasi sayıqlıqlarını itirdiklərinə görə tənqid edilirdilər. Bəyan olunurdu ki, "M.Hadi yaradıcılığını təhlil edən Mir Cəlal, M.C.Cəfərov və başqa alimlərimizin əsas nöqsanları bundan ibarət olmuşdur ki, onlar şairin yaradıcılığındakı mücərrəd məfhumları nəcib arzular kimi qiymətləndirmiş və nəticədə M.Hadinin burjua millətçi görüşləri ört-basdır edilmişdir".

Əslində, Mir Cəlal Azərbaycanda cərəyanlar barədə hələ 1928-ci ildə fundamental araşdırma aparmış iki alimdən biriydi. Bəkir Çobanzadənin 1926-cı ildə yazdığı və Avropa ədəbi cərəyanları barədə müfəssəl məlumat verən "Türk dili və ədəbiyyatını tədris üsulu" kitabından sonra Mir Cəlal 1928-ci ildə Dağıstanda "Ədəbiyyatda romantizm" adlı tədqiqatını çap etdirmiş, hətta Hüseyn Cavidin mənsub olduğu ədəbi cərəyan barədə ilk dəfə "Cavidizm" istilahını işlətmişdi: "Romantizmin hissiyyat və sevgi dalğınlığı nöqtəsi "Cavidizm"də lap barizdir". Əslində, 1928-ci ildə yazdığı əsərində "Məhəmməd Hadi əsərlərinin çox qismində üsyankar və mübarizə mövqeyi təşkil edir. Hər halda, fərdiyyətindəki başqalığa romantiklərin şəxsi həyatlarının dəxi mühüm rolu vardır" deyən Mir Cəlal hələ 20 yaşında bilirdi ki, söhbət mücərrəd məfhumlardan deyil, ədəbiyyatı ədəbiyyat edən məfhumlardan gedir və 1928-ci ildə bunu gözdən qaçıran məmur-nəzəriyyəçilər, məsələnin ciddiliyini bir də 20 ildən sonra anlamışdılar.

Bir də "vahid axın" nəzəriyyəsi, tənqidi realizm anlayışı, rus cazibəsindən çıxmaq meyli Damokl qılıncı kimi Azərbaycan yazıçılarının başı üzərindən asıldı. Rus amili dominant idi və təbii ki, fəzilət ərkanı 1937-ci ildə pantürkist adıyla güllələnmiş cəmiyyətin yazıçıları milli səadəti rus milli təfəkkürünə yönəlməkdə tapmalıydılar. Jdanov ədəbiyyatda Orta əsrləri idealizə edən estetik təmayülə qarşı savaş açdığı kimi, Azərbaycanda da məmur-nəzəriyyəçilər türk düşüncəsinə qarşı savaş açırdılar. Uydurma "vahid axın" nəzəriyyəsinə qarşı düşünülən uydurma qurğu əslində Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatından təcrid etmək üçün idi. Ədəbiyyat tarixçiləri üçün "Azərbaycan ziyalılıarının şüurunun inkişafına təsir göstərmiş mütərəqqi rus mədəniyyəti" adlı norma müəyyənləşdirilirdi. Amma Azərbaycan ziyalısı artıq Əli bəy Hüseynzadənin təlimlərindən öyrənmişdi ki, bu mədəniyyətin, yəni "Rus mədəniyyətinin qaynaqlarından biri Bizans Ortodoksluğudur" və o, nəinki Azərbaycan mədəniyyətinin, ümumilikdə, Azərbaycanın özünüifadəsinə imkan verməyəcək.

Azərbaycan KP MK katibi Həsənov bu mənada rəngləri daha da tündləşdirib tənqid hədəfinə Mir Cəlalı fərdi şəkildə gətirdi. O, Mir Cəlalı elmi əsərlərində burjua millətçiliyinin vahid axın nəzəriyyəsini təbliğ etdiyi üçün tənqid edirdi. Həsənova görə, guya "Mir Cəlal Paşayev tarixi həqiqəti kobudcasına təhrif edir, Azərbaycan ziyalılıarının şüurunun inkişafına təsir göstərmiş mütərəqqi rus mədəniyyətinin böyük əhəmiyyətini azaldır..." Bu isə Bağırov dövrü üçün sıradan bir ittiham deyildi. Baxmayaraq ki, Həsənovun bu çıxışından daha əvvəl, hələ repressiya tonqalının yenicə alovlandığı 1937-ci ildə də "Pravda" qəzetinin "Ədəbi-bədii təşkilatların və birinci növbədə Sovet Yazıçıları İttifaqı İşinin ən mühüm nöqsanı bolşevik sayıqlığının kütləşməsidir" çağırışı ilə əlaqədar Azərbaycanda hədəfə gətirilməsinə cəhd edilən qələm sahiblərindən biri də Mir Cəlal olmuşdur.

Burda incə bir məqamı xatırlatmaq yerinə düşər. 1935-ci ildə Azərbaycanda iki fərqli cəbhəni təmsil edən iki dram əsəri yazılmışdır: "Həyat" və "Xəyyam". Dövlət səviyyəsində keçirilən ədəbi əsərlər müsabiqəsində Mirzə İbrahimovun "Həyat" pyesi birinci yerlə təmin olunsa da, Hüseyn Cavidin "Xəyyam" faciəsi üçüncü yerlə kifayətlənirdi. Hələ üstəlik, tənqidçilərə Mirzə İbrahimovun "Həyat" pyesini tənqid etmək, az qala, yasaq edilir, nəinki yasaq edilir, hətta Mirzə İbrahimovun "Həyat" pyesini tənqid etdiyinə görə, Azərbaycan ədəbiyyatçılarına açıq şəkildə Mir Cəlalla mübarizə etmək təklifi irəli sürülürdü: "Mirzə İbrahimov yoldaşın "Həyat" pyesi haqqında Mir Cəlalın mənfi fikirləri ilə Heyət İdarə (Yazıçılar İttifaqının İdarə heyəti - A.T.) mübarizə etmiş olsaydı, başqalarına da dərs olardı". Onu da xatırladım ki, 1937-ci ilin 8 iyununda "Pravda" qəzetində dərc olunmuş "Düşmənin hiylələri" adlı məqalə müəllifinin, yəni "Pravda" qəzetinin qənaətinə görə "sayıqlıq haqqında, ziyançılar haqqında" yazılmış "Həyat" pyesinə qarşı çıxanlar, "əsərin başına oyun gətirənlər" Ruhulla Axundovun "adamları"ydılar. Moskvada nə üçün belə qənaətə gəlmişdilər, səbəbini bilmirəm. Amma bildiyim başqa bir nüans var: Xəyyamın rübailərini tərcümə etməyi Hüseyn Cavidə Ruhulla Axundov məsləhət görmüşdü...

1940-cı illərdə "tənqidi realizm" tabusu sosialist cəmiyyətindəki naqislikləri tənqid etməyə cəsarət edən yazıçılarımızın dilini qısa etdi. Az qala direktiv şəklində bildirildi ki, sovet cəmiyyəti işıqlı cəmiyyətdir və onu tənqid etmək olmaz. Tənqid edənləri isə ideoloji məmurlar tənqidi realizm cərəyanının mənsubları olaraq təhdid edirdilər. Bir sözlə, Azərbaycan yazıçılarına partiyanın siyasi sifarişi beləydi: Nə dünya ədəbi-estetik cərəyanlarına meyl edin, nə də həyatın dibinə enməyə cəsarət edin. Çünki ölkə repressiyanın memarı Stalinin ölkəsiydi və Stalin də sosrealizmdən başqa bütün cərəyanlara, o cümlədən dekadentizmə, simvolizmə, akmeizmə, futurizmə qarşıydı.

Məsələ bu qədər dramatik idi və bu ağır proses, qeyd etdiyim kimi, 1940-cı illərin sonuna qədər davam etmişdi. Hətta 1951-ci ildə nəşr olunmuş "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında Əli bəy Hüseynzadə ilə, Atatürklə, Mehmet Akif Ərsoyla yanaşı, Mir Cəlal və Məmməd Cəfər də tənqid edilirdi. Baxmayaraq ki, "Bir gəncin manifesti" romanı Azərbaycan romançılığının ən dəyərli nümunələrindən biriydi, buna rəğmən, Mir Cəlal 1937-ci ildən 40-cı illərin sonuna kimi, elmi əsərləri burjua millətçiliyinin vahid axın nəzəriyyəsini təbliğ etdiyinə, hekayələri tənqidi realizmin təsirindən qurtula bilmədiyinə, milli ədəbiyyatla bağlı görüşləri isə yuxarıda da xatırlatığım kimi, böyük rus mədəniyyətinin əhəmiyyətini görməzdən gəldiyinə görə tənqid olunurdu.

Mir Cəlal hər zaman, hətta 1928-ci ildə yazdığı "Ədəbiyyatda romantizm" əsərindən başlayaraq, 1930-40-cı illərdə də ədəbiyyatın, estetik dəyərlərin yanında dayanmışdı. Hətta şiddətli ateizm təbliğatının tüğyan etdiyi 1939-cu ildə yazdığı "Klassik nəsrimiz haqqında" məqaləsində o, Füzulinin "Hədiqətüs süəda" əsərini "nəsrimizdə birinci böyük tarixi povest" adlandırır və "mövzusunun dini mahiyyəti, qəhrəmanlarının çoxunun dini-tarixi simalar olması, heç vaxt bizə, əsərin gözəl sənətkarlıq xüsusiyyətlərini, səlis stilini, qüvvətli dilini, mülayim təhkiyə, coşqun tərənnüm üsullarını diqqətdən qaçırmağa haqq vermir" deyə Kərbəla faciəsi ilə bağlı yaradılmış və Füzulinin "hiss üstünlüyü, qəlb çırpıntıları ilə həmahəng, yüksək obrazlı, metafora və aforizmlərlə zəngin, yığcam, musiqili bir dil"lə yazdığı "Hədiqətüs süəda"nı Azərbaycan "romantik nəsrinin ilk nümunəsi" adlandırırdı. 1930-cu illərdə hər şeyi və hətta klassikləri də bolşevik inqilabı prizmasından dəyərləndirən Azərbaycan ədəbiyyatşünaslığının Füzuliyə belə bir estet rakursdan yanaşması xeyli dərəcədə düşündürücü, əlamətdar və sevimli hadisəydi. Çünki İsmayıl Hikmətin yazdığı kimi, kommunistlərə guya kommunist ruhu ilə yazılmış klassik ədəbiyyatın obrazını təqdim etmək lazım idi və Mir Cəlal həmin tendensiyaya arxa çevirən alimlərimizin ilklərindən biriydi.

Stalin dövründə tənqid edilməsi Heyət Rəyasətə tövsiyə edilən Mir Cəlalın adı Stalinin süqutundan sonra artıq Yazıçılar İttifaqı İdarə Heyətinin üzvləri sırasında görünür. "Cavidnamə" kitabımı yazarkən Cavidin istintaq materiallarına sonralar - 1956-cı ildə əlavə edilmiş və Azərbaycan yazıçıları, o cümlədən Mir Cəlalla bağlı ilginc bir faktın - sənədin şahidi oldum. Yəqin ki, həm də İdarə Heyətindəki statusuna görə, 1956-cı ildə Mir Cəlal imzası bütün repressiya olunmuş yazıçılarımıza bəraət istəyən məktubların demək olar ki, hamısında var idi. Bu, sadəcə statistik və üstündən sükutla keçiləsi fakt deyil, belə məktublar başqa respublikalarda demək olar ki, yazılmamışdı, yazıçılar qələm dostları haqqında bəraət məzmununda yazılmış məktubları imzalamaqdan çəkinirdilər və bunu repressiya illərinin ciddi araşdırıcıları Aşinin, Alpatov və Nasilov "Repressirovannaə törkoloqiə" kitabında xüsusi tədqiqat predmetinə çevirmişdilər.

Müasir Azərbaycan ədəbiyyatşünaslığının 1930-40-cı illərin fəsadlarını yaşamış yazıçılarımızı bir də bu baxımdan tədqiq etməsinin önəmi vardır. Repressiya illərində yazıçılarımızın şəxsiyyətini qiymətləndirmək, ədəbiyyatımızı obyektiv dəyərləndirmək bunsuz mümkün olmayacaqdır.

Xəbər lenti