Logo

DQİDK və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib - FOTO

01.05.2023 09:56 519 baxış
IMG

Aprelin 28-də Şəmkir şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı, ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov və Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynalov və Şəmkir rayonunda fəaliyyət göstərən müxtəlif idarə, təşkilatlarda çalışan aktiv gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynalov mövzunun aktuallığından danışaraq bildirib ki, ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətləri, dini sahədə sabitliyə nail olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edən RİH başçısının birinci müavini ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masa maarifləndirici xarakterli olmaqla, respublikamızın bütün bölgələrində təşkil olunur. Tədbirin keçirilməsində məqsəd dünyadakı beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilmiş dini radikalizm, eksterimizm, terrorizmin mahiyyəti və yaranma səbəbləri, həmçinin ona qarşı həyata keçirilmiş mübarizənin hüquqi əsasları haqqında məlumat verməkdir. Qeyd edilib ki, müasir dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir.

S.Heydərov yad dini təsirlərə qarşı mübarizədə Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının prinsiplərindən istifadə edilməsinin ən düzgün və effektli vasitələrdən biri olduğunu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti