Logo

DQİDK-nin təşkil etdiyi regional konfrans başa çatıb

01.05.2023 11:05 648 baxış
IMG

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Sumqayıtda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.

Bu barədə "Tehsil.biz"ə DQİDK-dən məlumat verilib.

Regional konfransın üçüncü günündə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Emin Hacıyev, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Elgün Hümbətov, ictimaiyyət nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt ŞİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov şəhərdə mövcud dini durum və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verib, Sumqayıt şəhərində dini durumn sabit olduğunu qeyd edib.

Milli Məclisin deputatı Emin Hacıyev isə çıxışında bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətlərinin mövcud səviyyəsi ən yaxşı model kimi qiymətləndirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda dövlə-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Millət vəkili bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

Daha sonra çıxış edən DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də dini radikalizmlə mübarizə sahəsində görülən işlər haqqında danışıb. Komitə rəsmisi ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını diqqətə çatdırıb. C.Əlifzadə Azərbaycan dövlətinin din siyasətinin əsas məqsədi dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasıdır. Eyni zamanda natiq onu da qeyd edib ki, gənclər dini radikalizm və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalı, milli-mənəvi dəyərlərimizə bağlı olmalıdırlar.

Konfransın sonunda şəhər Gənclər və İdman İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək, regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rola malik olduğunu vurğulayıb.

Üçgünlük konfrans müzakirələrlə başa çatıb.

Xəbər lenti