Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsi elan edir.
Bu barədə "Tehsil.biz"ə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir ordu quruculuğu siyasətinin dərindən öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazan, dünyanın inkişaf etmiş silahlı qüvvələri arasında özünə layiqli yer tutan müzəffər ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşması, eləcə də gənc zabitlərimizdə yazılı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə verməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər yazının elektron variantını iyunun 1-dək [email protected] ünvanına göndərə bilərlər (yazılar antiplagiat proqramı vasitəsilə yoxlanılacaqdır). Müsabiqənin şərtləri ilə Monitorinq Mərkəzinin rəsmi saytında və feysbuk səhifəsində tanış olmaq mümkündür.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.