Logo

BANM-in Niderlandda işləyən məzunu: "Biliyinizi artırırsınızsa, qarşılığını görəcəksiniz"

02.05.2023 10:42 395 baxış
IMG

Murad İsmayılov 2013-cü ildə 645 balla SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına qəbul olub.

Tehsil.biz xəbər verir ki, təhsil müddətində SOCAR-ın müxtəlif zavodlarında təcrübə keçib və 2015-ci ildə SOCAR-ın “Yay məktəbi” proqramının iştirakçısı olub. Proqramı uğurla başa vurduğu üçün Türkiyədə yerləşən “Petkim” Neft-kimya kompleksində təcrübədə iştirak edib.

Murad İsmayılov 2018-ci ildə məzun olub. O, Bakı Ali Neft Məktəbi və Heriot-Watt Universitetinin diplomlarını alıb. Həmin il SOCAR Karbamid zavodunda işə başlayıb. Hazırda Niderlandda yaşayır. Sittard şəhərində yerləşən karbamid istehsalının öndə olan texnologiyasının lisenziyasını verən "Stamicarbon B.V." şirkətində proses mühəndisi kimi fəaliyyət göstərir.

Onunla müsahibəni təqdim edirik:

- BANM sizə nə qazandırıb?

- Yüksək səviyyəli təhsil və dostlar. BANM-də yüksək səviyyədə təhsil verən professor-müəllim heyəti var. Karyeramda atdığım ilk addımların sağlam olması üçün BANM-də aldığım təhsilin rolu əvəzolunmazdır. Rektorumuz Elmar müəllimin təşəbbüsü ilə teatrlara gedir, müxtəlif sosial layihələrdə iştirak edirdik. Bu da bizim tələbəlik illərinə unudulmaz rəng qatırdı.

- Uğurlu məzun olmağın sirri nədir?

- Əgər BANM məzunu olmusansa, artıq uğurlu sayılırsan. Lakin bu statusu qoruyub saxlamaq lazımdır. Bunun üçün daim inkişaf etmək və insanlarla əlaqələr qurub əhatəni genişləndirmək önəmlidir.

- Gənclərə tövsiyəniz nədir?

- Heç bir halda həvəsdən düşməsinlər. Bütün çətinliklərin müvəqqəti olduğunu unutmasınlar, sadəcə səbr etmək və özünüzdə motivasiya yaradıb daha da irəliləmək lazımdır. Əmin olun ki, əgər dayanmadan biliyinizi artırırsınızsa, bunun qarşılığını görəcəksiniz.

Xəbər lenti