Elm və Təhsil Nazirliyi ümumtəhsil məktəblərində idman zallarının bağlanıb-bağlanmaması məsələsinə aydınlıq gətirib.
Nazirlikdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur:
"İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin aşağı düşməsinə, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək".
Xatırladaq ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilovun məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı işlətdiyi təhlükəli fənd nəticəsində F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.
Kənan Nağıbəyli