Logo

"Radiasiya texnologiyaları və onun tətbiqləri" adlı respublika elmi-texniki konfransı keçirilib

06.05.2023 14:17 347 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Radiasiya texnologiyaları və onun tətbiqləri" adlı respublika elmi-texniki konfransı keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev institutun yaranması tarixi, elmi fəaliyyət istiqamətləri və əldə olunmuş nailiyyətləri, kadr potensialı və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Çıxışında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyaların fəaliyyətinə də toxunan İ.Mustafayev dövlət qurumları və universitetlərlə əməkdaşlıqdan danışıb, həmçinin innovativ layihələr, beynəlxalq müsabiqələr və festivallarda əldə olunmuş nailiyyətləri, beynəlxalq elmi reytinqlərdə institut alimlərinin uğurlarını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Rasim Əliquliyev Ulu Öndər Heydər Əliyevin elmə göstərdiyi daimi qayğı və diqqətdən, Azərbaycanda elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Radiasiya Problemləri İnstitutunun Azərbaycanda elmi-texniki siyasətin həyata keçirilməsinə verdiyi töhfələri və qazandığı uğurları yüksək qiymətləndirib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Liderin elm adamlarına, ziyalılara daimi qayğı və diqqətinin ölkəmizdə elmin inkişafına təkan verdiyini bildirib. Radiasiya texnologiyalarının digər elm sahələrində də tətbiqinin əhəmiyyətindən danışan N.Məmmədli RPİ-nin fəaliyyətini, onun elmlərarası əməkdaşlığa verdiyi töhfələri və alimlərin nailiyyətlərini yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru professor Nigar Aslanova elm və təhsilinin inteqrasiyası prossesində Radiasiya Problemləri İnstitutunun aktiv iştirak etdiyini, eləcə də institutun səmərəli fəaliyyətini və alimlərin nailiyyətlərini yüksək qiymətləndirdiyini bildirib.

AMEA-nın prezidentinin müşaviri akademik Adil Qəribov Radiasiya Problemləri İnstitutunun əldə etdiyi nailiyyətlərdən danışıb.

Daha sonra konfransın plenar iclaslarında “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə elm və təhsil sahələrinin inkişafı”, “Heydər Əliyev və Azərbaycanda din siyasəti” və “Heydər Əliyevin Azərbaycanda radiasiya tədqiqatlarının inkişafı strategiyası” mövzularında məruzələr dinlənilib.

Xəbər lenti