Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) “Moscow Creative İndustries Agency”nin (Moskva Yaradıcı Sənayelər Agentliyi) baş direktoru Gülnara Aqamova, baş direktorun birinci müavini Anastasiya Orlova, biznes missiyasının operatorları - Mixail Kim, Antonina Yevdokimova və Nadejda Linnas ilə görüş keçirilib.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə qonaqlar texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanları, burada fəaliyyət göstərən laboratoriyalar, müasir tələblərə cavab verən avadanlıqlarla yaxından tanış olublar. Bildirilib ki, mərkəzdə qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.
Daha sonra texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodu ilə tanış olan nümayəndə heyətinə müəssisə haqqında ətraflı məlumat verilib. Zavodla tanışlıq zamanı müəssisənin sınaq laboratoriyası və anbarına baxış keçirilib.
Sonra YTP-nin digər rezidenti “Bakı Polimer İstehsalat” MMC-də istehsal prosesi ilə tanışlıq baş tutub. Bildirilib ki, müəssisə Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biridir. Qeyd olunub ki, şirkət innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli, çürüyən və çürüməyən streç film istehsalını həyata keçirir.
YTP-nin baş direktoru Vasif Abbasov nümayəndə heyətinə texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib.
Baş direktor görüşün “Moscow Creative İndustries Agency” ilə innovasiya sahəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi və Rusiyanın bu sahədəki zəngin təcrübəsinin YTP-də tətbiqinə nail olmaq baxımından əhəmiyyətini qeyd edib. V.Abbasov Rusiyanın Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən investor və şirkətləri üçün YTP-də potensial şəraitin mövcud olduğunu bildirib.
Daha sonra çıxış edən agentliyin baş direktoru Gülnara Aqamova rəhbərlik etdiyi şirkət haqqında məlumat verib. G.Aqamova “Moscow Creative İndustries Agency”nin YTP ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.
Sonda iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, təkliflər səsləndirilib.