3-5 may 2023-cü il tarixlərində Kuba Resbublikasının paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Birinci Beynəlxalq Konqres keçirilir.
Tehsil.biz xəbər verir ki, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Tədbirin ilk günü, 3 may tarixində qonaqları qəbul edən Kuba prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açaraq 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzuladı.
Konqress çərçivəsində, 4 may tarixində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü baş tutub.
“Dayanıqlı inkişaf naminə Mədəniyyət” mövzusunda keçirilən görüşdə çıxış edən S.Hacıyeva Şərqlə Qərb arasında yerləşən ölkəmizin zəngin tarixi-mədəni irsə sahib olduğunu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyini diqqətə çatdırıb. Çıxışda ölkəmizin təşəbbüsü olan Bakı Prosesi və bu çərçivədə mütəmadi baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının qlobal platforma kimi əhəmiyyəti bir daha vurğulanıb.
Konqress öz işinə 5 may tarixində müxtəlif sessiyalar və mədəni proqramla davam edir.