Logo

Uşaqlarda ünsiyyət

07.05.2023 20:08 463 baxış
IMG

Valideyn və müəllimlər uşaqlarda dinləmə, danışma, oxu və yazma bacarıqlarının formalaşmasına diqqət etməlidirlər

Ünsiyyət uşaqların ən vacib tələbatlarından biridir. Lap körpəlikdən başlayaraq hər bir yaş dövrünün özünəməxsus ünsiyyət tələbatı olur. Qeyd etmək vacibdir ki, uşaqlarda ünsiyyət tələbatı ilk öncə ailədə qarşılanmalıdır. Onlar valideynləri ilə ünsiyyət zamanı yeni məlumatlar əldə edir, hər hansı problemlərinin həllində yardım ala bilirlər. Bu ünsiyyət uşaqlara inam hissi qazandırır və yeniliklər öyrənməsinə yol açır. Valideynlərin övladları ilə ünsiyyəti, bu ünsiyyətin düzgün qurulması uşaqların sonrakı inkişafı üçün önəmlidir.

Bildiyimiz kimi, ünsiyyət nitq vasitəsilə baş verir. Ünsiyyət zamanı dörd nitq bacarığından istifadə olunur: dinləmə, danışma, oxu, yazı. Bu bacarıqların uşaqlarda inkişafına xüsusi diqqət etmək lazımdır.

“Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasova “Azərbaycan müəllimi” qəzetinə uşaqlarda ünsiyyətin inkişaf mərhələlərindən danışarkən belə deyib: “Nitq insana məxsus olan ali psixi funksiyadır. Uşaqlar nitq vasitəsilə gördüyü əşyaları, rəsmləri, hadisələri təsvir etməyi bacarmalıdır. Əgər uşaq bunu bacarırsa, demək ki, onda məntiqi təfəkkür inkişaf edir. Daha dəqiq desək, bu mexaniki təkrarlama deyil, onun nitqinin formalaşmasının  göstəricisidir. Uşaqlar qısa nağılları, hekayələri diqqətlə dinləmə, hadisələrin inkişafını izləmə, sənət və musiqi əsərlərinə emosional reaksiya verə bilməyi bacarmalıdır”.

Ekspertlər deyir ki, körpə yaşlarından dinləyici olan uşaqların nitqində laylalar, oxşamalar, nağıllar xüsusi yer tutur. Bu kimi söhbətlər onların nitqində  təməl rolunu oynamış olur. Uşaqlarda nitq 1,5 yaşlarından  formalaşmağa başlayır. Artıq bu yaşlardan uşaqların söz bazalarında 10 və daha çox sayda  sözlər olmalıdır. 2 yaşlarında 2 sadə sözdən  ibarət cümlələr qurmağa, 3 yaşlarında isə 2 və daha çox sözdən ibarət cümlələr quraraq fikir və düşüncələrini formalaşdırmağa başlayırlar. Bunun üçün valideynlər yaş xüsusiyyətlərini nəzərə alaraq, mütəmadi onlarla məşğul olmalı, komandalar verməli, göz təması qurmalı, suallar verərək cavab almalarını təmin etməlidirlər. Hər bir uşaq individualdır, yəni bu sadalananlar həmin yaş dövrləri üçün şərt deyildir. İrəliləmələr, gecikmələr də olur.

Uşaqlarda nitq inkişafını sürətləndirmək üçün ailələr tez-tez onlarla söhbətlər etməli, yaşına uyğun oyunlar oynamalı, hekayələr danışmalı və onların sosial mühitdə olmasını təmin etməyə çalışmalıdırlar. Ətraf mühit haqqında təsəvvürlərin zənginləşməsi uşaq nitqinin inkişafı ilə sıx bağlıdır. Belə ki, uşağın ətrafdakı əşya və hadisələr haqqında bilik dairəsi nə qədər geniş olarsa, nitqi də bir o qədər zəngin olar. Bir uşağın düşüncəsini uyğun bir formada ifadə edə bilməsi  üçün ona müşahidə etməyi, təəssüratlarını bölüşməyi və səbəb-nəticə əlaqələrini anlamağı öyrətmək lazımdır. “Nə düşünürsən?”, “Niyə?”, “Necə?” bu kimi suallar onların düşüncəsində vacib rol oynayır. Eləcə də söz ehtiyatlarını genişləndirərək adi mühakimələri ifadə etmək bacarığına diqqət etmək vacibdir.

Psixoloq N.Abbasova qeyd edir ki, uşaqlarda sosiallaşma mərhələsi xüsusi yer tutur. Bu mərhələdə yaxşı olardı ki, uşaqlar həmyaşıdları ilə eyni mühitə düşsünlər və həmin dövrün aparıcı fəaliyyəti- süjet rollu oyunlarla birgə məşğul olsunlar. Ünsiyyət bacarıqlarının formalaşmasında birgə fəaliyyət çox önəmlidir. Ünsiyyət zamanı şifahi nitq bacarıqlarının inkişafı yazılı nitq bacarıqları üçün bir növ təməl rolu oynamış olur. Belə ki, oxu və yazı mərhələsi uşaq nitqində xüsusi yer tutur.

Təhlillər göstərir ki, uşaqlara oxu bacarığını aşılamadan öncə kitabın onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu, oxumağın faydalı bir fəaliyyət kimi vacibliyini və dəyərini vurğulamaq lazımdır. Bu zaman müsbət yanaşma formalaşdırdıqdan sonra oxumaq onların ən sevimli fəaliyyətlərindən birinə çevriləcək.  Bir uşağın kitablara olan sevgisi, öyrənməkdən və oxumaqdan həzz alma bacarığı ona  hər gün tərbiyə edilməlidir. Erkən yaşlardan etibarən ailə mühitində uşaqda kitablara qarşı müsbət münasibət inkişaf etdirilməli və uşaq böyüdükcə bunun  onun üçün zövq alacağı, həmçinin yeni bilik və bacarıqlar əldə edəcəyi  aktiv bir proses olduğuna inandırılmalıdır.

Uşaqlarda yazma bacarığının formalaşması üçün erkən yaşlardan onlarda kiçik motorikanı inkişaf etdirməyə ehtiyac duyulur. Tutmaq, yazmaq, cızma-qara etmək, çəkmək, yapışdırmaq, kəsmək kiçik motorik bacarıqlardır. Kiçik motorika uşaqların inkişafında və öyrənməsində əvəzolunmaz rola malikdir. Belə ki, bu zaman əl-göz koordinasiyası, kiçik əzələlər, barmaq əzələləri inkişaf edir. Məntiqi düşünmə qabiliyyətləri inkişaf etmiş uşaqlar kiçik motorikanın inkişaf səviyyəsi yüksək olan zaman yaddaş, diqqət və düzgün nitqə malik olurlar.

Psixoloq N.Abbasova yazılı nitq bacarıqlarından danışarkən qeyd edir: “Adətən deyirlər ki, uşaqda yazılı nitq üçün mexaniki qələm tutmaq qabiliyyəti olmalı və danışmağı bacarmalıdır. Amma bu yetərsizdir. İlk olaraq uşaq qələm tutmağı öyrənir, qələm vasitəsi ilə cızma-qaralar  etməyə başlayır. Uşaqlar oxuduğu mətnləri və ya  eşitdiyi hadisələri müəyyən işarələrlə yazmağa çalışırlar. Bu, onların yazılı nitqi üçün ilkin mərhələ hesab olunur. Artıq uşaqlar yazmağın mahiyyətini anladıqdan sonra hərf və rəqəmləri, daha sonra isə sözləri yazmağa başlayırlar. Ancaq yenə də çalışmaq lazımdır ki, uşaqlar bunu mexaniki əzbərləmə ilə deyil, dərketmə vasitəsilə bacarsınlar”.

Beyin fiziologiyasının və uşaq psixologiyasının tədqiqatları göstərir ki, uşağın əqli bacarıqlarının inkişafının açarı - ömrünün ilk üç ilində, yəni beyin hüceyrələrinin inkişafı dövründə formalaşır. Belə ki, uşaq anadan olandan üç yaşınadək beyin hüceyrələrinin bir-biri ilə əlaqəyə keçdiyi ən fəal dövrdür. Bu zaman,  beyin hüceyrələri, belə demək olarsa, əl-ələ verib uşağın hiss orqanları ilə xaricdən qəbul etdiyi informasiyaya cavab verməyə çalışır. Məsələn, üç yaşına qədər uşaqlar əlifba ilə tanış olmasalar da, onlara maraqlı bir hekayə oxuduqda, onlar özləri kitabın səhifələrini vərəqləyir və müəyyən sözləri kitabdakı şəkillərlə uyğunlaşdırırlar.

Beləliklə, ünsiyyətin uşaq nitqində, inkişafında vacib bir rol oynadığını nəzərə alaraq valideyn və pedaqoqlar onlarda dinləmə, danışma, oxu və yazma bacarıqlarının formalaşmasına diqqət etməlidirlər. Nitqdə hər hansı bir  nöqsan nəzərə çarparsa, həkim, loqopedik və psixoloji müayinədən keçirmələri tövsiyə olunur.

Nəzrin SEYİDƏLİYEVA

Xəbər lenti