Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Almaniyada fəaliyyət göstərən yevangelist xristian kilsəsinin pastorları Viktor Şults, Sergey Zaybel, Erhard Doyan və Paul Lanqe ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkəmizdə dini sahədə həyata keçirilən uğurlu siyasət barədə məlumat verərək, Azərbaycanda vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası harmoniyanın qorunub saxlanılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Bu ali dəyər və ənənələrin gənc nəsillərə aşılanmasının priotetlər sırasında yer aldığını deyib. Azərbaycanın islomofobiya, ksenofobiya və bu kimi mənfi tendensiyalara qarşı mübarizədə hərəkətverici qüvvəyə çevrildiyini vurğulayan S.Heydərov, həmçinin bəzi siyasi mərkəzlər tərəfindən dinin siyasiləşdirilməsi faktoruna toxunub.
Səmimi qəbula görə təşəkkürü bildirən qonaqlar xalqımızın qonaqpərvərlik, tolerant dəyərlərə verdiyi önəmin əhəmiyyətindən söz açıblar, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün dini icmalara yaradılan zəruri şəraiti, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.