Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Bakı şəhəri 229 nömrəli tam orta məktəb, 59 nömrəli körpələr evi-uşaq bağçası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Heydər baba, biz sənin nəvələrinik” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və uşaqlar iştirak ediblər.
Öncə məktəbin həyətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Daha sonra hərbi parad təşkil olunub və Ulu Öndərin, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə şagirdlər və balaca fidanlar dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi zəngin ömür yolundan bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin formalaşması istiqamətindəki tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib.
Dahi Lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də qazanılan böyük nailiyyətlərdən söz açan İdarə müdiri Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsinə dair fikirlərini bildirib.