Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 12-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, məscidlərin dini ədəbiyyatlarla təmin edilməsi, dini təhsil, habelə digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.