"Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş keçirilib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, məqsəd “IT Academy” və “Code For Future” məzunları ilə informasiya texnologiyaları sahəsinə marağı olan gənclər arasında şəbəkə yaratmaq, tələbələrin peşə seçiminə və onların bu istiqamətdə inkişafına dəstək olmaqdan ibarətdir.
Əvvəlcə “Alqoritmika Azərbaycan”ın işə qəbul üzrə layihə meneceri Səmayə Mərdanova tədbirin əhəmiyyəti barədə tələbələrə geniş məlumat verib.
Daha sonra “IT Academy” və “Code For Future” layihələrində iştirak etmiş və hazırda “PAŞA Pay” şirkətində təcrübə keçən məzunlar əldə etdikləri biliklər, iş fəaliyyətləri haqqında təcrübələrini tələbələrlə bölüşüblər.
Tədbirin növbəti hissəsində karyerara məsləhətçisi Mikayıl Tağıyev ”Karyera zamanlaması” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.