Logo

“Gülləbatmaz” köynək, Azıxantropun alt çənəsi, Səməd Vurğunun saatı - Muzeylərimizdəki ən maraqlı eksponatlar

18.05.2023 23:32 588 baxış
IMG

Bu gün Beynəlxalq Muzeylər Günüdür. Kulis.az bu gün münasibətilə Aytac Sahədin müxtəlif muzeylərdən bəyəndiyi eksponatlar barədə olan yeni yazısını təqdim edir.

Səməd Vurğunun saatı

Səməd Vurğunun ev-muzeyindəki əntiq əşyalardan olan qonaq otağındakı zəngli kabinet saatı maraqlı hekayəsi olan eksponatlardandır. Belə ki, 1956-cı il may ayının 27-də Səməd Vurğun gözlərini əbədi yumur. Şairin həyat yoldaşı Xavər xanım isə həmin vaxt bu saatın əqrəblərini dayandırır. O gün bu gündür ki, əqrəblər səkkizin yarısını göstərir.

Şəki xanı Məhəmmədhüseyn ağanın beşiyi

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya fondunda qorunan ağacişləmə sənətinə aid çoxsaylı məmulatdan biri olan üçüncü Şəki xanı Məhəmmədhüseyn xana məxsus beşik Azərbaycanda ağacişləmə sənətinin XVIII əsrin ortalarına aid ən gözəl nümunələrindəndir. Altı ədəd yonma üsulu ilə hazırlanmış ayaqlar üzərində dayanan beşiyin yatacaq hissəsi oval formalıdır; üst hissəsi millər vasitəsi ilə ona birləşdirilmişdir. Beşiyi yatacaq hissəyə dirək vasitəsilə birləşdirən dəstəyi isə oturacağa dayanmış və baş hissəsi fiqurlu elementə bərkidilmişdir. Yüksək sənətkarlıqla hazırlanmış bu beşiyin üzərinə qaxma üsulu ilə sədəf, metal tel və fil sümüyündən naxışlar bərkidilib. Bu naxışlar ürək, yarpaq və üçbucaq formasındadır. Beşik 2008-2009-cu illərdə qədim musiqi alətlərinin bilicisi Məcnun Kərimov tərəfindən bərpa edilib.

“Bağçada güllər” xalçası



“Baxçada güllər” xalçası Qarabağın işğalı zamanı erməni qəsbkarları tərəfindən talanaraq, sonradan özlərinin milli-mədəni irsi adı altında dünyada təbliğ edilən minlərlə nadir sənət nümunələrimizdən biridir. ABŞ-ın Los-Anceles şəhərində 25 ildən sonra əntiq erməni xalçası kimi hərraca çıxarılan xalça əslən azərbaycanlı Elşad Tahirov tərəfindən alınaraq, 2017-ci ildə Azərbaycana qaytarılıb.

Xalçanın qara rəngli ara sahəsi al-əlvan gül təsvirləri ilə bəzədilib. Üzərində kiril əlifbası ilə Azərbaycan türkcəsində “1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi” sözləri yazılıb. Xalçanın haşiyələrində stilizə olunmuş həndəsi və nəbati elementlər verilib. Xalçada əsasən yaşıl, qırmızı, göy, qara, narıncı, palıdı, çəhrayı rənglərdən istifadə olunub.
“Baxçada güllər” Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında qorunur.


“Zəfər” xalçası



44 günlük Vətən müharibəsi günlərində Milli Xalça Muzeyi Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verilib. Ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyanıb. Qələbədən sonra bu xəritə əsasında “Zəfər” xalçası ilmələrə köçürülüb.

Xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub.

“Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunulub.

"Bakının dənizdən görünüşü"

Rus rəssamı Pyotr Vereşaqin tarixi şəhərlərin təsvir edilməsinə böyük maraq göstərən rəssamlardan biri idi. Rəssam 1872-ci ildə ərsəyə gətirdiyi “Bakının dənizdən görünüşü” əsərində şəhər mənzərəsini sonsuz sükut və idillik atmosferində təqdim edir. Əsərdə İçərişəhəri yenicə doğan Günəşin şölələri bəzəyir, əsərin mərkəzi planını uzaqdan görünən sakit dəniz tutur, ön planını isə gündəlik həyatdan götürülmüş məişət səhnələri tamamlayır. Əsas diqqəti təpənin relyefli xətti çəkir. Buradan Şirvanşahlar sarayı, Qız Qalası, Sınıqqala, Cümə məscidlərinin minarələri ucalır. Tablo XIX əsrin ikinci yarısına aid edilən Bakı şəhərinin tarixi sənədi hesab olunur.


Azıxantropun alt çənəsi

1968-ci ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Azıx düşərgəsində apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən ibtidai insana məxsus çənə sümüyü Milli Tarix Muzeyində saxlanılır. Muzeyin Xüsusi fondunda qorunan, mulyajı isə ekspozisiyada nümayiş olunan bu çənənin azərbaycanlı mütəxəssislər, paleontoloq professor Dəmir Hacıyev və antropoloq Rəbiyyə Qasımova tərəfindən tədqiqi zamanı müəyyən edildi ki, Azıxdan tapılmış bu paleontropoloji tapıntı ibtidai insana məxsus alt çənənin tam salamat qalmış sağ hissəsidir. Həmin çənənin tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmiş əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi də yaxşı qalıb.


"Müstəqilliyə, istiqlaliyyətə tələsən bayraq"

Bu bayraq 1989-cu il 28 may tarixində Respublika günündə keçirilməsi planlaşdırılan milli azadlıq hərəkatı üçün hazırlanıb. Bayrağın maraqlı tarixçəsi var. Həmin dönəmdə bayraq tikməyə hər kəs cürət etməsə də, yaşlı bir pinəçi buna razı olur. Pinəçi komendant saatında qaranlıq bir otaqda, lampa işığında işlədiyi üçün bayrağın zolaqları yanlış tikilir. Buna baxmayaraq bayraq 1989-cu il 28 may tarixində saat 11:00 radələrində Faiq Həsənov tərəfindən Qız Qalası üzərindən dalğalandırılır. Bayraq həmin şəxs tərəfindən 1995-ci ildə hədiyyə olunur və bu gün muzeyin ekspozisiyasında "Müstəqilliyə, istiqlaliyyətə tələsən bayraq" adı altında nümayiş olunur.


“Gülləbatmaz” köynəyi

Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin “gülləbatmaz” köynəyi hazırda N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Köynəyin üzərinə naxışa bənzəyən xətlə “Quran”dan ayələr yazılıb və Pənahəli xan o ayələrin, bu köynəyin onu güllədən qoruyacağına inanırmış. Deyilənə görə, xanın təhlükəli günlərdə geydiyi köynəyə heç vaxt güllə tuş düşməyib.

“Dörd fəsil”



Azərbaycan xalça sənətinin incilərindən sayılan, Təbriz xalçaçılıq məktəbinin şah əsəri “Dörd fəsil” adlı xalçası (XIX əsr) Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət əsərləri sırasındadır.

Orta əsr miniatür ənənələri əsasında toxunan xalça mürəkkəb kompozisiyalıdır. Bu möhtəşəm sənət əsəri şaquli və üfüqi xətlərlə dörd bərabər hissəyə bölünüb. Mərkəzi medalyonun içərisində Şərqin böyük şairi Ömər Xəyyam öz sevgilisi ilə təsvir olunub. Medalyonun haşiyəsində şairin dünya və sevgi haqda sözləri nəstəliq xətti ilə həkk olunub. Ara sahədə ilin dörd fəslinin təsviri ardıcıl şəkildə yerləşdirilib. Xalçada təbiətdəki dəyişikliklər - göy qurşağı, qar-yağış, sübh çağı, qürub vaxtı parlaq şəkildə əksini tapıb. Hər fəsil həm də bir memarlıq abidəsi ilə təsvir edilib. Beləliklə, xalçada zamanın obrazı yaradılıb.

Xalçanın kənar haşiyəsində səkkiz kiçik medalyon təsvir olunub. Onlardan üçündə Hafiz Şirazi, Əbülqasım Firdovsi və Sədi Şirazinin obrazları əksini tapıb. Medalyonların birində “Leyli və Məcnun”, digərində “Xosrov və Şirin”, qalanlarında isə dini mövzularda rəvayətlərdən səhnə təsvirləri verilib. Xalçanın yuxarı hissəsində isə Sasani şahlarının ümumiləşdirilmiş obrazı yer alıb.

Xalçada daha bir səhnə təsviri var. Leyli səhrada Məcnunla qarşılaşır və öz məhəbbəti qarşısında diz çökür. Arxa planda boş kəcavə görünür. Məcnun isə üzünü Leyliyə tutaraq ah-nalə edir. Xalçada hər süjet müstəqil, bitkin əsər təsiri bağışlayır. Eyni vəziyyət dini motivlərin təsvirində də müşahidə olunur. “Adəm və Həvva” səhnəsində Həvva ağac altında dayanıb. “İsmayıl qurbanı” səhnəsi də öz təsirliliyi ilə diqqət çəkir.

Xəbər lenti