Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə belçikalı fotoqraf Frank Döpev, “Atabey” təşkilatının prezidenti Yunisksi Fahardo və layihə koordinatoru Juli Böfis Quba rayonuna səfər ediblər.
Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüblər.
Qonaqlara Quba rayonunun multikultural və tolerant mühiti barədə, özünəməxsus milli zənginliyi və adət-ənənələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, rayonda olan 20-dən çox etnik qrup, eyni zamanda müxtəlif dini konfessiyalar birlikdə qarşılıqlı anlaşma və sülh şəraitində yaşayır.
Qonaqlar Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələr sırasında olmasının əhəmiyyətini qeyd ediblər. Azərbaycanla bağlı bir neçə layihə reallaşdıracaqlarını deyən qonaqlar Quba rayonuna xas multikultural və tolerant ənənələrin daha geniş təbliğ və təşviqinin vacibliyini bildiriblər.
Qeyd edək ki, “Atabey” şirkətinin nümayəndələri Belçikada keçiriləcək “AR nuvo” sərgisi üçün ölkəmizdəki xüsusi memarlıq üslubuna malik binaların və Quba rayonunda yerləşən Qırmızı Qəsəbənin fotolarını lentə almaq məqsədilə Azərbaycana səfər ediblər. Səfər çərçivəsində Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ziyarət olunub, Dağ yəhudilərinin dini adət-ənənələri ilə bağlı fotolar çəkilib.