Logo

BDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş olub - FOTO

19.05.2023 19:24 256 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Televiziyasının “Mədəniyyət” kanalının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU-nun redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan tədbir barədə məlumat verərək bildirib ki, bu cür görüşlərin keçirilməsi tələbələrin vətənpərvərlik ruhunun, mütaliə mədəniyyətinin, estetik zövqünün formalaşmasında və eləcə də onların sosial fəallıqlarının artmasında mühüm rol oynayır. Knyaz Aslan tanınmış şair Qəşəm Nəcəfzadənin çağdaş ədəbiyyatımızdakı rolundan bəhs edib. Bildirib ki, Qəşəm Nəcəfzadə ədəbiyyatımızda istedadlı şair, publisist kimi imzasını təsdiqləyib: “Qəşəm Nəcəfzadə, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri və “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri kimi də səmərəli fəaliyyət göstərir. O, həmçinin Azərbaycan ədəbiyyatını beynəlxalq poeziya festivallarında layiqincə təmsil edir”.

Diskussiya şəraitində keçirilən görüşdə müəllifin və tələbələrin ifasında şeirlər səsləndirilib, qonağa çoxsaylı suallar ünvanlanıb. Görüşün təşkilinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirən Qəşəm Nəcəfzadə vurğulayıb ki, o qalib ölkənin yazarı olduğu üçün bu günlər xüsusilə qürurludur: “Vaxtilə torpaqlarımız işğal olunanda ağrı-acı dolu şeirlər yazmışdım. Şükürlər olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu və mən gedib Şuşada qələbə şeirimi oxudum”.

İştirakçıların böyük marağına səbəb olan görüşün sonunda şair Qəşəm Nəcəfzadə imzalı kitablarını tələbələrə hədiyyə edib.

Xəbər lenti