Mayın 20-də Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən Astara rayonu dənizkənarı park-bulvar kompleksində təşkil olunmuş təhsil festivalında Bakı Slavyan Universiteti yüksək səviyyədə təmsil olunub.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Bakı Slavyan Universitetini (BSU) festivalda BSU-un rektoru Anar Nağıyevin rəhbərliyi ilə ezam olunmuş bir qrup nümayəndə heyəti təmsil ediblər.
Festivala gələn çoxsaylı qonaqlara BSU üçün ayrılmış stenddə universitet haqqında buklet və digər paylayıcı məlumatlar təqdim olunub. Burada BSU-nun Lənkəran, Astara, Masallı və Yardımlı rayon məktəblərini bitirmiş tələbələri festivala qatılan ziyarətçilərə və qonaqlara universitetin fəaliyyəti, təlim-tədris prosesinin təşkili, həyata keçirilən çoxsaylı layihələr, tədbirlər, beynəlxalq əlaqələr, əcnəbi tələbələr üçün təhsil imkanları haqqında məlumat veriblər.
Həmçinin, BSU-nun təmsilçiləri festivala qatılan digər universitetlərin layihələri ilə yaxından tanış olub, onların əməkdaşları və tələbələri ilə müxtəlif istiqamətlərdə müzakirələr aparıblar.
Qeyd edək ki, regionda təhsil sahəsinə həsr olunan və yerli ali təhsil müəssisələri, təhsil mərkəzləri, eləcə də regionun kiçik və orta biznes sahibkarlarını bir araya gətirən irimiqyaslı tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla, ümumilikdə 5000-dən çox izləyici iştirak edib.





Həmçinin oxuyun:Təhsil festivalından rəngarəng anlar - FOTOSESSİYA