Azərbaycan və Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə skripkaçı Canel Nəcəfli ilə müəllimi Roman Fedçukun Filarmoniyada keçirilən birgə konserti zaldakı dinləyicilərə unudulmaz anlar yaşatdı.
Çexiyanın Plzen Dövlət Konservatoriyasının professoru, Beynəlxalq Müsabiqələr laureatı Roman Fedçuk konsertdən sonra “Kaspi” qəzetinə müsahibəsində Bakı musiqisevərləri ilə görüşdən məmnun olduğunu deyib.
- Bu yaxınlarda Filarmoniyada istedadlı skripkaçı Canel Nəcəfli ilə konsertiniz keçirildi. Canel xanımla əməkdaşlığınız nə vaxtdan davam edir? Yenə də birgə layihələriniz gözlənilirmi?
- Canel çox istedadlı skripkaçıdır. Mən Plzen Konservatoriyasında ona dərs deyirəm. Bakıya ilk səfərimdə artıq onunla birgə çıxış etmişdim. Onda əlbəttə, biz bir qədər kiçik əsərlər ifa etdik. Bu dəfə isə daha mürəkkəb - Motsartın, Dvorjakın simfoniyalarını, Azərbaycanın klassik bəstəkarlarının əsərlərini təqdim etdik. Canel ildən-ilə inkişaf edir, öz üzərində intensiv və səylə işləyir. İnanıram ki, o çox məşhur skripkaçı olacaq. Hələ COVID-19 məhdudlaşmaları davam edəndə Canel bir çox müsabiqələrdə qalib oldu. Hətta ABŞ-də “Karnegie Holl”da keçirilən final konsertində uğurla çıxış edərək xüsusi mükafat qazandı.
- Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini ifa etdiniz. Ümumilikdə Azərbaycan klassik musiqisini necə xarakterizə edərdiniz?
- Biz gecədə Azərbaycan, çex və bir qədər də dünya musiqisini ifa etdik. Qara Qarayevin yaradıcılığına gənclikdən - Moskva Konservatoriyasında oxuduğum illərdən bələdəm. Bəstəkarlıq məktəbi ənənəsindən çıxış edərək deyə bilərəm ki, Qara Qarayevin musiqisi Avropa və dünya musiqisi səviyyəsindədir. Fikrət Əmirovun əsərlərinə də valeh oldum. Bakıda çıxış etmək mənim üçün maraqlıdır. Bu şəhərdə musiqini anlayan və qiymətləndirən dinləyicilər çoxdur.
- Siz beynəlxalq layihələrdə tez-tez iştirak edirsiniz. Hansı ölkələrdə publika sizi daha yaxşı qəbul edir?
- Mən müxtəlif ölkələrdə, xüsusən yay akademiyalarında tez-tez ustad dərsləri keçirəm. İtaliya, İsveçrə, Almaniya kimi ölkələrdə bu dərslər gənc ifaçıların ixtisaslarını təkmilləşdirməyə yönəlir. Adətən belə konsertlərdə tələbə ifaçılar tanınmış və peşəkar musiqiçi-ifaçılarla görüşürlər. Çünki bütün tədris müəssisələrində ənənəvi olaraq ifaçı musiqiçilər dərs keçmir. Bu baxımdan bu cür ustad dərsləri onlar üçün çox vacib və maraqlıdır. Biz intensiv olaraq musiqi festivalları da təşkil edirik. Bu festivalların geniş auditoriyası var. Ayrı-ayrı ölkələrdə konsertlərdə çıxış edirəm. Simfonik musiqinin hər ölkədə auditoriyası var.
- Klassik əsərlərlə yanaşı yeni yaranan əsərlərə münasibətiniz necədir?
- Yeni yaranan əsərlərə müsbət yanaşıram. Müasir əsərlər də ifa etmişəm. Gəncliyimdə Moskvada Yuriy Başmetin rəhbərliyi ilə məşhur bir kollektivdə konsertmeyster işləyirdim. Biz o kollektivdə çox müasir əsərlər, 20-ci əsrin bəstəkarlarının musiqilərini ifa edirdik. Bu baxımdan mən müasir musiqini də yüksək dəyərləndirirəm və yeri gələndə ifa edirəm. Amma klassika həmişə klassikadır.
- Bəs auditoriya əsrlərlə yaşı olan musiqiləri xoşlayır, yoxsa müasir əsərlərə meyl edir? Gənc nəslin marağı daha çox hansı janradır?
- Gənc nəslin klassik musiqiyə sevgisi haqda danışmaq çətindir. Onların maraqları fərqlidir. Klassik musiqi bu planda bir qədər dünyagörüş və təhsil tələb edir. Onlar bu musiqini birdən qavramağa hazır deyillər. Amma deyirlər ki, məsələn, gənc yaşında kimsə Filarmoniyaya konsertə gəlsə, mütləq sevəcək və daimi dinləyicisi olacaq. Bizim konsertlərdə belə auditoriya var. Amma bəziləri uşaqlıqdan bu musiqinin içərisində olur, daim dinləyir və ifa edir - onlar artıq fərqli təbəqədir. Çexiyada məşhur bir atalar sözü var: “Hər çex musiqiçidir”. Valideynlər çalışırlar ki, uşaqları hansısa bir alətdə - məsələn, pianoda, skripkada çalmağı bacarsın. Bu uşaqlara təkcə musiqini uşaqlıqdan hiss etməyə deyil, həmçinin musiqi dünyasına, simfonik musiqiyə də bələd olmağa imkan verir.
- Bir məşhur skripkaçı ilə müsahibədə oxumuşam: “Skripka hər yerdə gözəl səslənir”. Bu mənada müasir skripka ifaçılığında hansı fəndlər, ştrixlər mövcuddur? Gənc skripkaçılara hansı tövsiyələriniz var?
- Fikrimcə, yeni fəndlər, inkişafın apogeyi və ştrix texnikası romantikanın məşhur simalarını - Paqanini, Şumanovski kimi virtuozları sıxışdırmaqdadır. Yozef Slavik adlı skripkaçı vardı. Onu az adam tanıyır. Zamanında Paqanini onu gələcək üçün “Skripkanın şahı” adlandırmışdı. Təəssüf ki, o, 20 yaşında yatalaq xəstəliyinə yoluxaraq vəfat etdi. Ancaq o iki konsert yazmağa müvəffəq oldu ki, bunlar mürəkkəbliyinə görə Paqanininin konsertləri ilə müqayisə oluna bilər. Paqanini də onda bu skripkaçını kəşf etdi. Paqaniniyə qədər məsələn, bütöv italyan pleyadasına məxsus virtuoz skripkaçılar vardı. Onlar da çox virtuoz musiqilər yazmışdılar. O zaman belə ştrix texnikası ilə məhz Paqanini inqilab elədi. Bu texnikaya ondan başqa heç kim sahib deyildi. Müasir musiqidə isə səs effekti əsasdır, ştrixlər yox.
- Konservatoriyanın professoru kimi müşahidələriniz nə göstərir: tələbələrinizdə özünüzün oxuduğunuz illərin entuziazmı varmı?
- Hesab edirəm ki, bunlar artıq fərqli epoxalardır. Mənim oxuduğum 70-90-cı illərdə musiqiyə, oxumağa, skripka ifaçılığına böyük maraq vardı. Klassik musiqiyə münasibət indikindən daha ciddi idi. İndi gəncləri, xüsusən pandemiyadan sonra istiqamətləndirmək çətindir. Pandemiya tamaşaçı ilə zallar arasında boşluq yaratdı və indi də o boşluğu doldurmaq çətindir. Musiqi həyatı hər yerdə demək olar ki, dayandı. “Bu münasibətdən sonra zala kim gedəcək, publika harada olacaq”, - deyə anlamaq da çətin idi. İndi də artıq publikanın, xüsusən klassik musiqiyə marağı problemə çevrilib. Gənc nəsil indi klassik musiqiyə qulaq asmağa getmir, onları daha çox pop, elektron musiqi tərzi, orkestrin və ya kamera orkestrinin ifası, akustik musiqi maraqlandırır. Artıq publikanı zala yönəltmək o qədər asan deyil. Gənclər hər şeyi internetdən tapıb qulaq asa və öz tərzlərini yarada bilirlər. İnternetdə çoxlu keyfiyyətsiz səsləndirmə ilə hazırlanan konsertlər var. Texnologiyanın köməyi ilə bunları etmək mümkündür. Asiya ölkələrində, məsələn, tez-tez konsertlərə getdiyim Yaponiyada Avropada rast gəlinməyən mədəniyyət var. Orada supermarketlərə gedəndə, maşını parklama edəndə Motsart və digər klassiklərin musiqilərini eşidirsən. Təəssüf ki, indi bununla Avropada rastlaşmaq mümkün deyil. Fikrimcə, təhsil sistemində ibtidai siniflərdən başlayaraq musiqi dinləməsi fənninin tədrisinə diqqət yetirilməlidir. Bu gün Avropada hər böyüyən uşaq Motsartın kim olduğunu bilmir. Bu, acınacaqlı vəziyyətdir.
- İfaçılıqda sınaqdan keçirmədiyiniz, amma etmək istədiyiniz hər hansı bir nüans varmı?
- Mənim yaradıcılıq həyatım müxtəlif mərhələlərdən ibarətdir. Bunlar musiqinin ayrı-ayrı tərzlərildir. Mən dirijor kimi çalışmışam. Almaniyada işləyəndə orkestrlə Vaqnerin operasını ifa etdik. Bu, çox çətin əsər idi və o zaman musiqiçilər bu əsəri çalmaqdan imtina edirdilər. Mən onu orkestrlə ifa etdim. Bu o dövr üçün bir eksperiment idi. Bütün ştrixlər fərqli planda idi. Fikrimcə, indi də skripka ifaçısı universal adam olmalı, istənilən dövrün istənilən musiqisini ifa etməyi bacarmalıdır.
- Çexiyanın yerini dünya musiqisi mədəniyyətində necə qiymətləndirirsiniz?
- Çexiya öz zamanında dünyanın musiqi və bəstəkarlıq mənbələrindən biri olub. Çexiyanı musiqi mədəniyyəti kontekstində ayrıca qəbul etmək olmaz. Habsburqlar imperiyasının (Avstriya-Macarıstan imperiyası) tərkibində və Almaniyanın bir hissəsi olanda ölkənin güclü bəstəkarlıq və ifaçılıq məktəbi olub. Hətta Çexiyanın milli bəstəkarı Bedrix Smetana o zaman alman dilində yazıb, sonra əsərləri tərcümə olunub. Çexiya Almaniyanın bir hissəsi olanda dünya mədəniyyətinə çoxlu bəstəkarlar, yazıçılar, şairlər, filosoflar bəxş edib. Çex bəstəkarların çoxu Mannheim (Mannheimer Schule) məktəbinə - alman yaradıcılıq və ifaçılıq istiqamətinə aid olub. O dövrə uyğun olaraq onları Avropaya yaxşı şərtlərlə dəvət ediblər. Ancaq təbii ki, klassik dövrə aid olan həmin bəstəkarları hamı tanımır. Motsartı isə təqdim etməyə ehtiyac yoxdur. Onun həyatının müəyyən dövrü Çexiya ilə bağlı olub. Bəstəkarın hazırda Praqada muzeyi var. O, “Don Juan”ı və s. şedevr əsərlərini məhz bu ölkə üçün yazıb. Praqa onun ikinci evi olub. 20-ci əsrdən artıq çex dilinin dirçəlişi başlayıb. Çexlər həmişə zarafatla deyirlər ki, bizim dirçəlişimiz dildən - çex-alman lüğətindən deyil, alman-çex lüğətindən başlayır. Çexiya balaca ölkədir, amma həqiqətən musiqi ölkəsidir.
- Musiqiçilər adətən deyirlər ki, həyat musiqiyə bənzəyir. Bu həqiqətən də belədir, yoxsa obrazlı səslənir?
- Mənim müəllimim, maestro Dmitriy Qoyadan musiqi haqqında soruşanda, o həmişə deyirdi ki, mən sadəcə ciddi musiqi dinləyicisiyəm. Belə ciddilik heç də təvazökarlıq göstəricisi deyil. Əgər biz musiqiçiyiksə, bu, bizim mövcudluğumuzun mənasıdır. Musiqi sənət deyil, çağırışdır. Musiqi də tibb kimidir: həkimlər insanın vücudunu, musiqiçilər isə qəlbi və ruhunu müalicə edirlər.