Logo

Dövlət Qulluğu üzrə Astana Regional Xabın illik konfransı keçirilib - FOTO

22.05.2023 16:13 219 baxış
IMG

17-19 may 2023-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Dövlət Qulluğu üzrə Astana Regional Xabın yaradılmasının 10 illiyinə həsr olunan “Meritokratiya, dürüstlük və innovasiyalar” mövzusunda illik konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və mərkəzin aparat rəhbəri Vəfadar Misirov da iştirak edib. Ümumilikdə konfransa 30 ölkədən 300-dən çox nümayəndə qatılıb.

Tədbirin açılışında hələ 2013-cü ildə Xabın təsis konfransında iştirak etmiş Vəfadar Misirov çıxış edib. V.Misirov ötən müddət ərzində Xab və Dövlət İmtahan Mərkəzi arasında həyata keçirilən əməkdaşlıq, Azərbaycanda təşkil olunan tədbirlər və layihələr, aparılan tədqiqat işləri haqqında iclas iştirakçılarına məlumat verib. V.Misirov Dövlət İmtahan Mərkəzinin rəhbərliyi adından yazılmış təbrik məktubunu da adresat – Astana Dövlət Qulluğu Xabının Rəhbər Komitəsinin sədri Əlixan Baymenova təqdim edib.

Konfransın “Meritokratiya: Xaba üzv ölkələrin ən yaxşı təcrübələri” adlı 1-ci panel sessiyasında isə DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov çıxış edib və bu sahədə ölkəmizdə görülən işlər, qarşıya çıxan problemlər və onların həll yolları barədə fikirlərini bölüşüb.

Konfrans zamanı B.Xəlilov və V.Misirov Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Məsələləri üzrə Beynəlxalq Komissiyasının (ICSC) sədri cənab Larbi Djacta və komissiyanın üzvü cənubi koreyalı professor Pan Suk Kimlə görüş keçiriblər. Görüşdə ICSL-lə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlığın davam etdirilməsi, Komissiya ilə birgə 2022-ci ilin dekabrında Bakıda keçirilən “21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq seminarın nəticələri və s. mövzularda müzakirələr aparılıb.

Konfransın gedişi zamanı C.Koreya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, Dövlət İdarəçilik Akademiyalarının rektorları ilə də görüşlər keçirilib. Burada müasir insan resurslarının idarə edilməsində dövlət qulluğu sisteminin komponentlərinin – işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, motivasiya sistemi və s. mövzuların müzakirəsi aparılıb.

Xatırladaq ki, Dövlət Qulluğu üzrə Astana Regional Xab 25 iştirakçı ölkə və 5 beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platforması nümunəsidir. Hazırda Xabın şəbəkəsində olan 42 ölkə arasında qarşılıqlı öyrənməyə əsaslanan üfüqi bilik mübadiləsi həyata keçirilir.

1

1

1

1

Xəbər lenti