Logo

1009 şagirdin nəticələrinə dəyişiklik edilib

24.05.2023 17:20 136 baxış
IMG

Martın 5-də keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına 5144 şagird 18036 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. Bundan əlavə, Apellyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının "E" bəndi "0.33" ballıq qrupdan "0.67" ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.

DİM-in məlumatına görə, qeyd olunan dəyişikliklər artıq şagirdlərin imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.

Qeyd. İmtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.

Xəbər lenti