Logo

BDU-da Respublika Olimpiadası keçirilib

24.05.2023 21:03 264 baxış
IMG

Mayın 24-də Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Elm festivalı" çərçivəsində Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadası keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Olimpiadanın məqsədi Azərbaycan Respublikasında fizika, riyaziyyat və kimya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı keçirilən Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə Fizika fənni üzrə 61, Riyaziyyat fənni üzrə 94, Kimya fənni üzrə 60 tələbə iştirak edib.

İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət Münsiflər Heyətinə təqdim edilib. Olimpiadanın qalibləri və mükafatçıları mayın 25-də elan olunacaq.

Xəbər lenti