Logo

ADU-da “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib - FOTO

25.05.2023 17:44 177 baxış
IMG

Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Regionşünaslıq kafedrası, Beynəlxalq münasibətlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbirin Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyev kimi müdrik rəhbəri olduğuna görə Azərbaycan xalqının xoşbəxt olduğunu,  Azərbaycanın məhz Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf və tərəqqiyə yol açdığını bildirib.

“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş söhbət açıb, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində qoyduğu izlərindən, hazırki dövrdə də aktual olan, ictimai–siyasi həyatımızda rol oynayan ideya və fikirlərindən bəhs edib. Onun 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olduğunu qeyd edib.

Professor Solmaz Rüstəmova-Tohidi  Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamızın sürətlə inkişaf etməsi haqqında geniş məlumat verib.

O, Heydər Əliyevin adı ölkənin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkildiyini bildirib. Həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini təmin edən, daim milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olduğunu xüsusilə qeyd edib.

Bildirilib ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, əbədi olması daha da çətindir. Ümummilli liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Bu gün də  Ulu öndərin miras qoyduğu siyasi islahatların istiqamətinin nəticəsi olaraq dövlətimiz dünya arenasında öz sözünü deyən inkişaf etmiş ölkələr sırasındadır deyərək çıxışını tamamlayıb.

Tədbirin sonunda Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xəbər lenti