Logo

ADU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib - FOTO

25.05.2023 22:08 227 baxış
IMG

Mayın 25-də Azərbaycan Dillər Universitetində 2022-2023-cü il tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Konfransda ölkənin müxtəlif dövlət və özəl qurumlarının nümayəndələri, pedaqoqlar, təcrübə rəhbərləri və şagirdlər iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri üç ay müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və istehsalat təcrübələrində uğurlar iştirak ediblər:

“Bu il Azərbaycan üçün əlamətdar bir ildir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilir. Biz qalib xalq kimi Azərbaycanın həqiqətlərini dünyaya çatdırırıq. Universitet olaraq da biz bu işdə öz real addımlarımızı atırıq. Vətən müharibəsi dövründə tələbələrimiz dünya ölkələrinin rəhbərlərinə, elm və mədəniyyət nümayəndələrinə yüzlərlə məktub göndərib. Bu məktublar rus, ingilis, fransız, alman, koreya və s. dillərdə hazırlanmışdı. Sevindirici haldır ki, tələbələrimiz Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər zaman yaxından iştirak edir.

Pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrimiz haqqında yüksək fikirlər səslənir, onların bilik və bacarıqlarına müsbət qiymət verilir. Hətta bəzi təcrübəçi tələbələrimiz həmin təcrübə keçdikləri qurumlarda işə də götürülüb. Bütün bunlar bizi sevindirir. İnanıram ki, tələbələrimizin uğurları bundan sonra da davam edəcəkdir”.

ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Məmməd İsmayılov təcrübələrin yekunları haqqında məlumat verib. Çıxışda bildirilib ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər, etimadı doğruldublar və məzun olacaqları universiteti layiqincə təmsil ediblər.

Pedaqoji təcrübəyə həsr olunan video-çarx izlənilib.

Hədəf şirkətlər qrupunun təsisçisi və baş direktoru, dosent Şəmil Sadıqov tədbirin mahiyyətindən danışıb, tələbələrin uğurlarına diqqət çəkib. Qeyd olunub ki, təcrübə müddətində tələbələr özlərini yüksək mənəvi əxlaqi keyfiyyətləri ilə şagirdlərə sevdirə bilib:

“Tələbələr öz bilik və bacarıqlarını şagirdlərə sevgi və qayğı ilə ötürə bildilər. Bu çox vacib məsələdir. Sevindirici haldır ki, tələbələrin pedaqoji təcrübəsinin yekun iclası belə bir formatda keçirilir. Bu da bir universitetin tələbələrinə nə qədər diqqət və qayğı ilə yanaşmasının ən bariz göstəricisidir”.

Biləsuvar Milli Qəhrəman M.İbrahimov adına liseyin direktoru Aqşin Bağırov ADU  rəhbərliyinə və kollektivinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Milli Qəhrəman M.İbrahimov adına liseydə ADU-nun iki tələbəsi təcrübədə olub. Təcrübə müddətində tələbələr həm müəllimlərin, həm də şagirdlərin böyük sevgi və rəğbətini qazana biliblər.

Daha sonra çıxışçılar 35 saylı məktəbin direktoru Rəna Naibova, Azərbaycan Britaniya Kollecinin baş meneceri Ələkbər Ələkbərov, 135 saylı məktəbin direktoru Şəfa Qurbanova, Landau məktəbinin direktor müavini Aygün Müslümlü, Xarici İşlər Nazirliyi Kadrlar İdarəsi rəisinin müavini Fuad Əzizli, İrəli ictimai birliyinin baş katibi İlqar Axundov, Şəms Tərcümə Mərkəzinin direktoru Nəsimi Ağayev, Avrasiya Tərcümə Mərkəzinin direktoru Nərmin Hüseynova, Azərbaycan Fransız Universiteti Karyera Mərkəzinin direktoru Sevda İsmayılova, DGK-nın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fatma İbrahimova, Xəzər TV-nin İnsan Resursları departamentinin direktoru Sevinc Nəcəfova, Təhsil-1 fakültəsinin tələbəsi Sənubər Şabanova, Regionşünaslıq və BM fakültəsi tələbəsi Fəridə Vəlizadə təcrübə müddətinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, təcrübə müddətində tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər.

Xəbər lenti