Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında görkəmli türkoloq alim, şair, ictimai xadim, professor Bəkir Çobanzadənin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədli görkəmli türkoloq Bəkir Çobanzadənin Azərbaycanda elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən, BDU-da yüksəkixtisaslı kadrların hazırlanmasında rolundan, onun mükəmməl alim və ziyalı kimi yetişməsində Türkiyə və Avropa mühitinin təsirindən, dilimizin və ədəbiyyatımızın tədqiqinə həsr olunmuş əsərlərindən söz açıb, böyük mütəfəkkirin zəngin irsinin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
“Türkoloji araşdırmalar” ETL-in müdiri Ramiz Əskər Bəkir Çobanzadənin keşməkeşli ömür yolundan, türkçülük ideyalarının inkişaf etdirilməsi uğrunda mübarizəsindən, Azərbaycanın türkoloji mərkəzə çevrilməsində gördüyü əvəzsiz işlərdən danışıb, ədəbi irsində də milli-ideoloji düşüncəni təbliğ etməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Bəkir Çobanzadə türk dünyasının dahiləri – Mahmud Kaşğarlı, Əlişir Nəvai və Mirzə Kazımbəydən sonra türkoloji dilçilik sahəsində ən tanınmış alimlərdən biridir.
Laboratoriyanın elmi işçisi Pərvin Eyvazov bildirib ki, Bəkir Çobanzadə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından biri olub, elmi-pedaqoji fəaliyyəti dövründə yazdığı 150 əsərdən 100-nü Azərbaycan dili və ədəbiyyatının müxtəlif problemlərinə həsr edib. “Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar dialektolojisi”, “Türk qrameri”, “Krım-tatar elmi-sərfi” və s. kitabların, eləcə də yüzlərlə elmi və elmi-publisistik məqalənin müəllifi olan alim 1937-ci ildə əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunub, bununla da, onun həyata keçirdiyi işlər yarımçıq qalıb.
Filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov Bəkir Çobanzadənin yeni əlifba uğrunda mübarizəsi, Tələbə Elmi Cəmiyyətinin üzvləri – Mühəmmədəli Ağayev Bəkir Çobanzadənin türk dillərinin təsnifi və Zəhraxanım Rəhimova görkəmli alimin I Türkoloji qurultaydakı fəaliyyəti ilə bağlı çıxışlar ediblər.
Elmi seminar görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş müzakirələrlə yekunlaşıb.