Logo

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

26.05.2023 11:48 342 baxış
IMG

ADA Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə azı 1200 bal toplayan, həmçinin ya “IELTS Academic” üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya “Duolingo English Test” üzrə minimum 95 balı olan abituriyentlər buraxılacaq.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ingilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilisdilli məktəblərin məzunlarına və ya ADA Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından riyaziyyat bölməsi üzrə azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

- Abituriyentlər martın 15-dək ümumi qaydada “Abituriyentin elektron ərizəsi”ni doldururlar və təsdiq edirlər (etdirirlər);

- İyunun 18-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı vasitəsilə DİM-ə (kod 7876) və ADA Universitetinə (kod 7799) göndərirlər;

- Mayın 25-dən iyunun 18-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə qeydiyyatdan keçirlər;

-İyunun 18-dək ADA Universitetinin elektron ərizə formasını doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər.

ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur. ADA Universitetinin hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Xəbər lenti