Logo

BMU-da konfrans: “Memarlıq və dizayn təhsilinin aktual problemləri” - FOTO

26.05.2023 17:05 329 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Memarlıq və dizayn təhsilinin aktual problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konfransın əhəmiyyətindən danışıb.

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndərin təhsilində memarlıq istiqamətinin xüsusi yerinin olduğunu vurğulayan rektor xatırladıb ki, Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunda təhsilini tamamladıqdan sonra keçmiş Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin həmin dövrə təsadüf etməsi onun bu istiqamət üzrə təhsilini davam etdirməsinə imkan verməyib. Buna baxmayaraq, Ümummilli Liderin istər SSRİ dövründə Azərbaycan KP MK-nın birinci katibi olduğu, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanlarda düzgün şəhərsalma, tikinti-quruculuq işlərinə böyük önəm verdiyini, respublikamızda memarlıq sahəsinin inkişafı istiqamətində mühüm addımlar atdığını deyən rektor bildirib ki, Heydər Əliyev Azərbaycanda milli memarlıq üslubunun formalaşmasına və qorunub saxlanılmasına müstəsna töhfələr verib.

Çıxışında BMU-nun Memarlıq və inşaat fakültəsinin yaranma və inkişaf tarixinə toxunan Havar Məmmədov nəzərə çatdırıb ki, hazırda fakültədə dizayn, memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi və s. ixtisaslar üzrə savadlı kadr hazırlığına ciddi diqqət yetirilir və bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir. Konfransda dinlənilən elmi məruzələrin, səsləndiriən fikirlərin bu sahənin gələcək inkişafına fayda verəcəyinə ümidvar olduğunu qeyd edən rektor konfransın işinə uğurlar arzulayıb.

Sonra BMU-da Memarlıq və şəhərsalma kafedrasının qurucularından olan əməkdar memar, elm xadimi, kafedra müdiri, professor Sabir Orucov memarlıq və yaradıcılıq anlayışlarını bədii dillə xarakterizə edib, eyni zamanda konfransda müzakirə olunacaq əsas mövzuları vurğulayıb.

Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının müdiri Vaqif Məmmədov isə BMU-da memarlıq məktəbinin qurulması, yeni fəaliyyətə başlayan Dizayn kafedrasının inkişaf etdirilməsi, fakültədə yeni ixtisasların yaradılması və s. ilə bağlı fikirlərini bölüşüb.

Dizayn kafedrasının müəllimi, dosent Yasin Xəlilov isə “Müasir memarlığın formalaşmasında materialların rolu” mövzusunda məruzə ilə çıxış edib. Natiq antik dövrdən müasir günümüzə qədər yol gələn memarlığın inkişaf mərhələləri, bu sahədə istifadə olunan texnologiyalar, memarlıq elementləri, materialşünaslığın funksional, estetik, iqtisadi, ekoloji və s. tələblər nəzərə alınmaqla, yeni yanaşma əsasında inkişaf etdirilməsi və s. məsələlərdən danışb.

Memarlıq sahəsinə bilik, inovasiya və inkişaf hədəfləri ilə dəstək verən “BİM Azerbaijan"-ın mentoru Mehmet Eğilmezer təmsil etdiyi qurumun fəaliyyət və məqsədindən söz açıb.

Memarlıq və dizayn üzrə alim və pedaqoqlar, praktiki fəaliyyət göstərən iş adamları, tələbə və magistrlərin iştirak etdiyi konfrans çıxışlardan sonra plenar iclası yekunlaşdırıb.

İclasın ardınca BMU tələbələrinin ifasında bədii hissə nümayiş etdirilib.

Qonaqlar Memarlıq və inşaat fakültəsində təşkil olunmuş sərgiyə baxış keçirdikdən sonra konfrans seksiyalar üzə işini davam etdirib. Seksiyalarda “Müasir memarlıq və dizaynın xüsusiyyətləri, problemləri və inkişaf perspektivləri”, “Müasir dövrdə memarlıq və dizayn təhsilinin problemləri və onların həlli yolları”, “Memarlıq və dizayn fəaliyyətində davamlılıq məsələləri”, “Müasir memarlıq və dizaynda material texnika və texnologiyasının tətbiqi məsələləri” istiqamətləri üzrə məruzələr dinlənilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 

Xəbər lenti