Logo

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib - FOTO

26.05.2023 17:18 263 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 105 il bundan əvvəl mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Bu şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilib.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayıb: “Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.
Rektor qeyd edib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul edib: “Milli Universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ümummilli Lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək deyib ki, “Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucadılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.

Daha sonra Milli Məclisin üzvləri - professor Rafael Hüseynov, Aydın Hüseynov, BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, BDU-nun Maliyyə menecmenti kafedrasının müdiri Kamran Eyyubov çıxıb ediblər. Çıxışlarda Cümhuriyyətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq olduğu vurğulanıb. Həmçinin, qısa vaxt ərzində milli hökumətin cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdiyi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdığı qeyd olunub.

Tədbir bədii hissə ilə davam edib, respublikanın Əməkdar artisti Elnara Abdullayeva vətənpərvərlik ruhunda mahnılar ifa edib.

Xəbər lenti