Logo

Nazir müavini İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşdə iştirak edib

26.05.2023 19:57 215 baxış
IMG

Elm və təhsil nazirinin müavini Həsən Həsənli İslam Əməkdaşlıq Təşkilatının İƏT – 15 Elm və Texnologiya üzrə Dialoq Platforması çərçivəsində təşkil olunmuş yüksək səviyyəli görüşdə iştirak məqsədilə Qazaxıstana səfər edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 25-də nazir müavini Almatı şəhərində yerləşən Əl-Fərabi Qazax Milli Universitetini ziyarət edib, ali təhsil müəssisəsində tələbələr üçün yaradılan imkanlarla tanış olub.

Mayın 26-da Həsən Həsənli Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbekin sədrliyi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil və elm üzrə yüksək səviyyəli məsul şəxslərinin iştirakı ilə keçirilmiş görüşdə iştirak edib.

Görüş zamanı çıxış edən nazir müavini ölkəmizdə elmin inkişafı üçün atılan addımlar və qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.

Həsən Həsənli həmçinin İslam Əməkdaşlıq Təşkilatı ilə elm və təhsil sahəsində mövcud əməkdaşlığa toxunaraq Azərbaycan tərəfindən sözügedən təşkilata üzv dövlətlərin vətəndaşları üçün təhsil qrantlarının ayrıldığını xüsusi qeyd edib.

Bundan başqa, nazir müavini Elm və Təhsil Nazirliyinin İƏT çərçivəsində təsis olunan Elm və Texnologiya üzrə Dialoq Platformasında aktiv iştirakda maraqlı olduğunu bildirib.

Xəbər lenti