Logo

ATMU-da elmi-praktik konfrans: "İdarəetmədə multikultural dəyərlər"

26.05.2023 21:54 209 baxış
IMG

Mayın 26-da Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların V beynəlxalq elmi-praktik konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Azərbaycanın dünyada sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edildiyini söyləyib. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyada təbliğ edilməsində dövlətimiz tərəfindən görülən işlərdən bəhs edib. O, konfransın keçirilməsində əsas məqsədin multikultural dəyərlər istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdən ibarət olduğunu söyləyib.

Universitetin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli “Müasir ali təhsilin problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, təhsil hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi, iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Müasir təhsilin inkişaf etdirilməsi istiqamətində əsaslı islahatların həyata keçirilməsinə başlanılsa da bütövlükdə tam inkişafı hədəfləmək indiyədək mümkün olmayıb. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür.

Plenar iclasda Pyatiqorsk Dövlət Universitetinin Hüquq İnstitutunun direktoru professor Lyudmila Txabisimovanın “Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunun inkişafına töhfəsi: siyasi və hüquqi aspektdə”, Doğu Akdeniz Universitetinin dosenti Ali Özturanın “Ümumi turizm” mövzusunda məruzələri maraqla qarşılanıb.

Bölmə iclaslarında ATMU-nun İctimai fənlər kafedrasının professorları Minaxanım Əsədova “Təhsilin inkişafında Heydər Əliyevin rolu”, Məhərrəm Zülfüqarlı “Sovet rəhbərliyinin qərəzli siyasətinə qarşı Heydər Əliyevin mübarizəsi (1985-1991-ci illər)”, Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynov “İnformasiya-kommunikasiya texnologiyaları dövründə gənclərin dünyagörüşünün formalaşması”, ATMU-nun magistrantı Vəfa Cavadova “Rekreasiya ərazilərinin qiymətləndirilməsində turanimasiya fəaliyyətinin zəruriliyi”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülgün Bağırova “Turizm sektorunun yerli iqtisadi inkişaf prosesinə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi-praktik konfransda ümumilikdə 53 məruzə dinlənilib.

Xəbər lenti