Logo

Əlyazmalar İnstitutunda Müstəqillik Günü münasibətilə tədbir keçirilib

27.05.2023 10:04 167 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurasının xüsusi iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

ADR-in ilk və son parlament iclasının keçirildiyi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında baş tutmuş tədbiri giriş nitqi ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva açaraq tədbir iştirakçılarını salamlayıb. Gənc alim “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda məruzə ilə çıxış edərək müstəqilliyimizin əldə edilməsi prosesində rolu olan tarixi şəxsiyyətlərdən bəhs edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları həyat və fəaliyyətləri ilə vətəni təmənnasız məhəbbətlə sevən, onun mənafeyini hər şeydən üstün tutan əsl millət və xalq fədailəri olduqlarını nümayiş etdiriblər. Nəzərə çatdırıb ki, məhz iclasın keçirildiyi zalda Azərbaycanın ilk Parlamenti ölkənin bayrağı, himni və gerbi haqqında qanun qəbul edib, ana dilimizi dövlət dili elan edib, dövlət quruculuğu, elm və təhsil sahəsində ciddi tədbirlər həyata keçirib.

Daha sonra çıxış edən institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Tahirə Həsənzadə çox mürəkkəb şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətinin ilk dövrlərindən gənclərin savadlanması üçün elm, təhsil, maarifin yayılmasına, inkişafına xüsusi diqqət yetirdiyini söyləyib. Ölkəmizin aparıcı təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin əsasının da məhz Cümhuriyyət dövründə qoyulmasının təsadüfi olmadığını qeyd edən alim müsəlman Şərqində ilk respublika qurucularının xalqımızın milli oyanışını əbədi etməyin bir yolunu da savadlı kadrların yetişdirilməsində gördüklərini vurğulayıb.

İclasda çıxış edən digər şura üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı yada salıb, 2018-ci il 28 may tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbuldakı çıxışından əsas məqamları xatırladıblar. Bildirilib ki, ölkə başçısının həmin Sərəncamından irəli gələrək Əlyazmalar İnstitutunda da müəyyən işlər görülüb, bu mövzuda elmi sessiya və konfranslar keçirilib, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı biblioqrafiya hazırlanıb və geniş ictimaiyyətə təqdim olunub. Hazırda da ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi sayəsində Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin əsas mətbu orqanı olan “Azǝrbaycan” qǝzetinin (1918-1920) tam kolleksiyası ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşr olunur ki, həmin çoxcildliyin elmi redaktoru Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlidir.

Sonda tədbir iştirakçıları institutun Ekspozisiya zalında nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinin xatirə guşəsi qarşısında xatirə fotosu çəkdiriblər.

Xəbər lenti