Bakı Dövlət Universitetinin Fizika fakültəsinin və Fizika Problemləri ETİ-nin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Fizika və Astronomiyanın Problemləri" adlı magistrantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aysel Rüstəmova da iştirak edib. O, konfransda "CH Cyg simbiotik ulduzun spektrində udulma xətlərinin tədqiqi: 2019-2020-ci illər" mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə əsas məqsəd CH Cyg ulduzunun spektrində udulma xətlərinin şüa sürətlərini ölçmək və nəticəni ulduzun parlaqlıq əyrisi ilə müqayisəli şəkildə təhlil etməkdir. Qeyd edilib ki, ilkin yanaşmada 2019-2020-ci illərdə alınmış spektrlər işlənib. Həmin spektrlərdə udulma xətlərinin şüa sürətləri ölçülüb, eyni zamanda həmin illərdə fotometrik dəyişməyə baxılıb. CH Cyg ulduzunun spektrlərinin alındığı periodda fotometrik verilənlər isə AAVSO məlumat bazasından götürülüb.
Natiq tədqiqat işinin nəticələrindən danışarkən bildirib ki, CH Cyg ulduzunun parlaqlığının dəyişməsində indiyə kimi müxtəlif periodlar aşkar edilib. Ulduzun parlaqlığında 90 günlük periodik dəyişmələr müəyyən dövrlərdə yaranır və bu qırmızı nəhəngin pulsasiyası ilə izah olunur. Müxtəlif tədqiqatçılar tərəfindən ulduzun parlaqlığında təqribən 15.6 illik (5400, 5600, 5800, 5900 günlük) periodik dəyişmə qeydə alınıb. Ədəbiyyatda bu uzun period, hazırkı tədqiqat işinin çərçivəsində aşkar olunmuş 750 gün ətrafında period isə qısa period adlanır.
Müxtəlif elmi məruzələr fonunda davam edən konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.