Logo

BSU-da tədbir: “28 May Müstəqillik Günü-Azərbaycan tariximizin şanlı səhifələrindəndir” - FOTO

27.05.2023 14:49 241 baxış
IMG

Mayın 26-da Bakı Slavyan Universitetində (BSU) 28 May-Müstəqillik Gününə həsr olunmuş “28 May Müstəqillik Günü-Azərbaycan tariximizin şanlı səhifələrindəndir” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2021-ci ildən etibarən, mayın 28-nin Müstəqillik Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd “Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Türkiyəsi arasında münasibətlər” (Mudros sazişinə qədər) adlı məruzəsində ilk olaraq, AXC-nin yaranmasını zəruri edən şərtlərdən danışıb. O, tarixə ekskurs edərək, tarixi faktlarla Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Türkiyəsi arasında diplomatik-siyasi münasibətlərdən söz açıb. Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin təməlinin məhz həmin dövrdə qoyulduğunu qeyd edib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov “Azərbaycan dövlətçiliyi tarixində AXC-nin rolu və yeri” adlı məruzəsində, onun tariximizdəki yeri və rolunu ətraflı təhlil edərək, AXC-nin dövlətçilik tarixində mühüm yeri olduğunu vurğulayıb. Habil Məmmədov çıxışında Azərbaycan xalqının dövlətyaratma intellekti və səriştəsinin olduğunu, AXC-nin Şərqdə, türk dünyasında ilk müstəqil hüquqi dövlət yaratdığını bildirib. 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında da müasir müstəqil Azərbaycanın AXC-nin varisi olması faktının öz əksini tapdığını diqqətə çatdırıb. O, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib. Həmçinin, 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılışı olduğunu, 2017-ci ildə isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə AXC-nin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edildiyini deyib.

Sonda 28 May Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbər lenti