Logo

Şəki şəhər 10 nömrəli tam orta məktəb 125 yaşında - FOTOLAR

27.05.2023 16:44 734 baxış
IMG

Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin 125 illik yubiley tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə məktəb direktorları, qazilər, təhsil ocağının məzunları, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Büllur Abdulsəlimli çıxış edərək təhsil ocağının yaranma tarixi, keçdiyi yol və qazandığı uğurlar barədə danışıb. Sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov məktəb kollektivini 125 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, hazırda Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq təhsil islahatlarını uğurla davam etdirdiyini diqqətə çatdırıb. Məktəbin tədris nailiyyətlərinin son illər daha da artdığını qeyd edən idarə rəisi kollektivə bundan sonrakı fəaliyyətində yüksək uğurlar arzulayıb.

Milli Məclisin deputatı Əli Məsimli çıxışında təhsil sahəsində aparılan islahatlardan bəhs edib, dövlətimizin başçısının təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini bildirib.

Tədbirdə daha sonra çıxış edənlər məktəbin 125 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıblar və bu məktəbin daim yeni-yeni uğurlara imza atmasını ən xoş arzularla bildiriblər.

Yubiley tədbiri şagirdlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib.

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, həmçinin təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Xəbər lenti