Logo

Amerikalı mütəxəssis ADMİU-da olub

27.05.2023 19:15 244 baxış
IMG

ABŞ Dövlət Departamentinin Fulbrayt Mütəxəssisi Proqramı ölkənin alimləri və tanınmış peşəkarlar üçün dünyanın müxtəlif yerlərində yerləşən təşkilatlarda iki və altı həftəlik layihə əsaslı mübadilələrdə iştirak etmək üçün unikal proqramdır. Böyük Fulbrayt Proqramının bir hissəsi olan Fulbrayt Mütəxəssisi Proqramı 2001-ci ildə ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) tərəfindən yaradılıb. Proqramın məqsədi yüksəkixtisaslı ABŞ alimləri və mütəxəssislərinin xaricdəki qəbuledici institutlarda təcrübələrini bölüşmək, onların bacarıqlarını artırmaq, digər mədəniyyətlər haqqında məlumat əldə etmək üçün xaricdəki institutlarla birgə mübadilə aparmaqdır. Peşəkar və akademik fənlərin geniş spektrini təmsil edən mütəxəssislər öz geniş təcrübələri ilə xaricdəki layihələrə əhəmiyyətli töhfə vermək bacarığı əsasında Fulbrayt Mütəxəssisi Siyahısına qoşulmaq üçün müsabiqə yolu ilə seçilirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022-ci ilin iyulunda bu müsabiqədən keçib. Təyin olunan mütəxəssis Arizona Dövlət Universitetinin Herberger Dizayn və İncəsənət İnstitutunun Dizayn məktəbinin pedaqoqu Johanna Taylor bu ilin may ayında ADMİU-da olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU-nun yeni art menecment MBA proqramının təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşması məqsədilə mütəxəssisin universitetdə fəaliyyəti dövründə müəllim-professor heyəti, fakültə, kafedra, şöbələr və tələbələrlə görüşləri keçirilib. Eyni zamanda, Johanna Taylor ADMİU-nun fakültə dekanları ilə görüşüb, fakültələrin fəaliyyəti ilə yaxından tanış olub. O cümlədən əcnəbi qonaq Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Azərbaycan Milli Xalça Muzeyinin rəhbər şəxsləri ilə görüşüb, həmin müəssisələrin fəaliyyətləri ilə tanış olub. Johanna Taylor ADMİU-nun Musiqi fakültəsinin Estrada sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Caz musiqisi axşamı”nda və “Gümüş nar” festivalında iştirak edib.

Səfərinin başa çatması münasibətilə Johanna Taylor ADMİU-nun rektoru professor Ceyran Mahmudova və universitetin bir sıra rəhbər şəxsləri ilə görüşüb. Qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnun olduğunu deyən rektor onun bir ay ərzində burada keçirdiyi görüşlərinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib.

Johanna Taylor çıxışında bu müddət ərzində onu yüksək səviyyədə qonaq etdikləri üçün ADMİU-nun rektoru Ceyran Mahmudovaya təşəkkürünü bildirib və tələbələrin hazırlıqlarından məmnunluğunu bildirib: “Burada müxtəlif incəsənət növləri ilə tanış oldum. Görüşdüyüm bütün şəxslərin ortaq cəhəti odur ki, hamının bu sahənin genişlənməsinə marağı var. Bizim əsas məqsədimiz bu proqramı dərinləşdirmək, bu proqramı öyrənmək istəyənlərə dəstək olmaqdır”.

Amerikalı mütəxəssis qeyd edib ki, hazırda bütün dünyada art menecment dəyişir, inkişaf edir, xüsusən Azərbaycanda muğama, xalçaçılığa maraq geniş yayılıb. Bu sahənin inkişafı bu istiqamətlərdə də müsbət nəticələrə səbəb olacaq.

Daha sonra Johanna Taylor ADMİU-da tələbələrin bu sahədə çox yaxşı təhsil gördüklərini vurğulayıb.

Görüşün davamında ADMİU-nun prorektorları Sədaqət Əliyeva, Nigar Rüstəmova və başqaları art menecment və onun tədrisi ilə bağlı fikirlərini bölüşüblər.

Xəbər lenti