Logo

“İnnovativ məktəb” layihəsi çərçivəsində müəllimlərimiz İsraildə təlimə qatılıblar - FOTO

27.05.2023 20:42 1265 baxış
IMG

7-24 may tarixlərində Elm və Təhsil Nazirliyinin “İnnovativ məktəb” layihəsi çərçivəsində 50 nəfər təhsil işçisi İsraildə təhsildə innovativ yanaşmalar və təşəbbüslər istiqamətində keçirilən təlimlərə qatılıb.

Tehsil.biz xəbər verir ki, sözügedən təlimlərdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları, Bakı şəhəri, eləcə də regionlarda yerləşən ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti iştirak ediblər.

Tel-Əviv şəhərində keçirilən təlimlərin açılış mərasimində çıxış edən ölkəmizin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov şagirdlərin gələcək çağırışlara hazırlanmasında təhsil işçilərinin rolu və bu istiqamətdə lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Təhsil işçiləri 18 gün ərzində bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramların hazırlanması, müasir tədris metodologiyaları, layihəəsaslı öyrənmə, XXI əsr bacarıqlarının şagirdlərə aşılanması, virtual və artırılmış reallıq, eləcə də süni intellektin təhsildə yaratdığı imkanlar mövzularında təlimlərdə iştirak ediblər. Təlim iştirakçıları “ChatGPT”, “Google Bard”, “ThingLink” və digər platformalardan tədris zamanı istifadə ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.

Bununla yanaşı, iştirakçılar səfər çərçivəsində İsrailin qabaqcıl ümumi təhsil müəssisələrini, eləcə də “Bloomfield” Elm Muzeyi və Peres Mərkəzini ziyarət ediblər.

Qeyd edək ki, sözügedən təlimlərin ikinci hissəsinin cari ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulub.

Artıq iki ildir davam edən “İnnovativ məktəb” layihəsi çərçivəsində bu günədək yüzdən çox təhsil işçisi təlimlərə cəlb edilib.

Xəbər lenti