Logo

BDU-da respublika elmi konfransı keçirilib

27.05.2023 22:00 280 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova bildirib ki, konfrans ölkənin davamlı inkişafını təmin etmək üçün prioritet elmi tədqiqatlara müasir innovativ texnologiyaların tətbiqinin effektivliyinin təhlili və qiymətləndirilməsinə, biologiyanın inkişafında intellektual kapitalın əhəmiyyətinin artırılmasına xidmət edir. Konfrans elmi və texnoloji inkişafın müasir mərhələsində biologiyanın aktual problemlərinin həllinə müxtəlif mütəxəssis və alimləri cəlb etmək, bu sahədə tədqiqat işlərinin elmi-praktik nəticələrini ümumiləşdirmək, habelə onları populyarlaşdırmaq məqsədi daşıyır.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Zoologiya İnstitutunun direktoru dosent Ələddin Eyvazov, Botanika İnstitutunun icraçı direktoru professor Şakir Qasımov, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müdiri professor Gülnarə Əzizova, ATU-nun Farmakologiya kafedrasının müdiri Məhbubə Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi kafedrasının müdiri dosent Anaxanım Yusifova çıxış edərək biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıblar. Çıxış edənlər bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasının, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Plenar sessiyada Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov və Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədov məruzə ilə çıxış ediblər.

Konfransa müxtəlif ali məktəb və elmi-tədqiqat institutlarından 185 material təqdim olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti