Logo

AMEA və AYB rəhbərliyi Ərdoğanı təbrik edib

29.05.2023 10:36 205 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçilməyi münasibətilə təbrik ediblər.

AzEdu.az xəbər verir ki, təbrikdə deyilir:

"Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli Prezident!

28 may 2023-cü ildə keçirilən seçkidə yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Bundan əvvəl, 14 May seçkilərində Sizin başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının, bütövlükdə isə Cümhur İttifaqının qalib gələrək TBMM-də çoxluq əldə etməsi bizi qəlbən sevindirdi və bu münasibətlə də Sizə ayrıca təbriklərimizi çatdırırıq.

Çox şadıq ki, Türkiyə dövləti və xalqı, eləcə də yaşadığımız region üçün taleyüklü seçki olan bu ümumxalq səsverməsində Sizi yenə də özünün rəhbəri görməyə qərar vermiş qardaş türk xalqı bir daha müdriklik və qədirbilənlik nümayiş etdirib.

Sizin indiyədək - 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu siyasət Türkiyəni inkişafın zirvələrinə daşıyıb, onu dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Daima səmimiyyət və cəsarətlə dayaq olduğunuz qardaş Azərbaycanda da Sizin siyasətiniz mütləq əksəriyyət tərəfindən bəyənilir və bu seçkilərdə də namizədliyiniz böyük inamla mənəvi baxımdan dəstəkləndi.

Tərəddüdsüz inanırıq ki, Türkiyə Respublikası Sizin güclü rəhbərliyiniz altında yeni-yeni uğurlara nail olacaq, qardaş Azərbaycan Respublikası ilə birlikdə dünyada öz layiqli yerini, üstün mövqeyini durmadan möhkəmləndirəcək.

Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar diləyirik! Allah Sizi qorusun!

Dərin ehtiram və məhəbbətlə:

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili

Çingiz ABDULLAYEV
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi

Rəşad MƏCİD
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini".

Xəbər lenti