Logo

İnformatika fənnindən hazırlıq kursunun iştirakçıları üçün kalibrləmə prosesi təşkil olunub

31.05.2023 18:05 266 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) informatika fənnindən hazırlıq kursunun iştirakçıları üçün kalibrləmə prosesi təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib 

Qeyd edilib ki, DİM-də informatika fənni üzrə qəbul imtahanlarında istifadəsi nəzərdə tutulan qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair birinci hazırlıq kursunun sonunda iştirakçılar Python proqramlaşdırma dili və alqoritmlərdən imtahan veriblər. İmtahanda aşağı nəticə göstərən iştirakçılara ödənişsiz olaraq ikinci hazırlıq kursunda dinləyici kimi iştirak etməyə icazə verilib.

İkinci hazırlıq kursunun sonunda 15 may 2023-cü il tarixində həm birinci hazırlıq kursunun sonunda keçirilmiş imtahanda aşağı nəticə göstərənlər, həm də ikinci hazırlıq kursunun iştirakçıları Python proqramlaşdırma dili və alqoritmlərdən imtahan veriblər.

31 may 2023-cü il tarixində imtahanda yaxşı nəticə göstərmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. İmtahandan və kalibrləmə prosesindən yaxşı nəticə göstərənlərə DİM-in sertifikatları təqdim ediləcək. Onların şəxsi məlumatları mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar DİM-lə əməkdaşlığa cəlb olunacaqlar. İmtahandan aşağı nəticə göstərənlərə isə dinləyici kimi arayış veriləcək.

Qeyd edək ki, imtahanlarda aşağı nəticə göstərmiş birinci hazırlıq kursunun iştirakçıları sertifikat almaq üçün yenidən ödəniş edərək qeydiyyatdan keçə, ikinci hazırlıq kursunun iştirakçıları isə ödənişsiz olaraq oktyabr ayında keçirilməsi nəzərdə tutulan hazırlıq kursunda iştirak edə bilərlər.

Xəbər lenti