Logo

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

31.05.2023 22:29 249 baxış
IMG

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclasın gündəliyində duran birinci məsələ AMEA-nın müxbir üzvü Qara Əhmədovun (1928-2003) 95 illik yubileyi ilə bağlı olub.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov arxeoloq Qara Əhmədovun həyat və yaradıcılığı barədə məruzə edib. O bildirib ki, Qara Əhmədovun çoxsaylı elmi əsərləri, monoqrafiyaları çapdan çıxıb. Alim yeddi fəlsəfə və üç elmlər doktorunun elmi rəhbəri olub.

Sonra t.ü.f.d., dosent Mikayıl Mustafayev elmi rəhbəri olmuş Qara Əhmədov haqqında xatirələrini danışıb. Qeyd edib ki, Qara müəllim 20 il Beyləqan ərazisində arxeoloji qazıntılar aparıb və arxeologiya elminə böyük töhfələr verib.

T.e.d. Əsədulla Cəfərov isə alimin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yaradılmasında böyük rolu olduğunu vurğulayıb.

Daha sonra alimin qızı Xuraman Əhmədova atası haqqında xatirələrini danışıb və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Gündəlikdə duran ikinci məsələ t.e.d., professor Cabbar Xəlilovun (1928-1994) 95 illik yubileyi ilə bağlı olub. Çıxış edən t.e.d., professor Hidayət Cəfərov alimin elmi fəaliyyətindən danışıb, Qafqaz Albaniyasının öyrənilməsində Cabbar müəllimin rolunu xüsusi vurğulayıb. T.ü.f.d., dosent Təvəkkül Əliyev Cabbar Xəlilovun böyük məktəb yaratdığını qeyd edib. T.e.d., professor Nərgiz Quliyeva isə çıxışında bildirib ki, hər iki alim əsl ziyalı və gözəl insan idi və biz xoşbəxt insanlarıq ki, belə ziyalılarin əhatəsində böyümüşük.

Sonra C.Xəlilovun qızı Xuraman xanım atasının xatirələrindən danışıb və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə və kollektivinə atasının xatirəsini yad etdikləri ücün minnətdarlığını bildirib.

Gundəlikdə olan üçüncü məsələ AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin (1948-2018) 75 illik yubileyi ilə bağlı olub. Hacı Qadir Qədirzadənin həyat və yaradıcılığı haqqında professor Abbas Seyidov məruzə edib. O çıxışında bildirib ki, Hacı Qadir Qədirzadə 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alim 200-dən artıq elmi məqalənin, 20-dən çox kitab və monoqrafiyanın müəllifi olub. T.ü.f.d., dosent Bəhlul İbrahimli 9 il Hacı Qadir Qədirzadə ilə birlikdə apardıqları arxeoloji tədqiqatlardan söz açaraq, onun elmə verdiyi töhfələrdən bəhs edib. T.ü.f.d., dosent Tofiq Babayev və t.e.d, dosent Güllü Yoloğlu isə alim haqqında xatirələrini danışıblar.

Sonda cari məsələlərə baxılıb.

Xəbər lenti