Logo

Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

01.06.2023 16:34 194 baxış
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Mikayıl Cabbarovun ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşündə mentorluq proqramı çərçivəsində görülən işlər, qaliblərin 1 illik fərdi inkişaf planı əsasında atılan addımlar müzakirə olunub.

Nazir proqram əsasında görülən işlərin gedişi ilə maraqlanıb. Fərdi inkişaf planı üçün faydalı alətlər, o cümlədən, qaliblərin İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət və layihələrdə iştirakı imkanları qeyd olunub.

Müsabiqə qalibləri iqtisadiyyatın idarə edilməsi sahəsində müasir metodlara, innovativ texnologiyalara maraqlarının mentorluq proqramı vasitəsilə daha da artdığını, bu sahədə yeni bilik və bacarıqların əldə edilməsinə həvəs göstərdiklərini vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə iqtisadi menecment sahəsində müasir tələblərə uyğun bilik və bacarıqların artırılması, idarəçilik vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqədə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final olmaqla 5 mərhələdə keçirilir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı əsasında mentorluq proqramı keçmək imkanı və 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, artıq sayca 3-cü olan növbəti “Yüksəliş” müsabiqəsinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixlində Sərəncam imzalanıb.

Xəbər lenti